“Zərifə Əliyeva” gəmi-bərəsi ilk səfərinə çıxıb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirakı ilə
aprelin 28-də istismara verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”
QSC-yə (ASCO) məxsus Ro-Pax tipli “Zərifə Əliyeva” gəmi-bərəsi 5
may 2022-ci il tarixində ilk səfərinə çıxıb.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyindən AzerTimes-a verilən məlumata görə, “Zərifə
Əliyeva” gəmisinin ilk səfəri Qazaxıstanın Kurık limanına olub.

Daimi heyəti 30 nəfərdən ibarət unikal gəminin uzunluğu 154,50
metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metrdir.
Yükgötürmə qabiliyyətinə görə Xəzərdə hazırda mövcud bərələrdən
böyükdür və 100 nəfər sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük
avtomobili/TIR daşımaq imkanına malikdir.

“Zərifə Əliyeva” gəmi-bərəsinin “Şərq-Qərb” nəqliyyat dəhlizi
üzrə Xəzər üzərindən keçən və artmaqda olan tranzit yüklərin
daşınmasına mühüm töhfə verəcəyi proqnozlaşdırılır.

Teqlər: