Vaşinqtonda Azərbaycan Mədəniyyət Gecəsi keçirildi

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin təşkilatçılığı
və ABŞ-Azərbaycan Ticarət Palatasının dəstəyi ilə Vaşinqtonun
tarixi binlarından olan və ictimai siyasi tədbirlərin keçirildiyi
məkan Meridian Beynəlxalq Mərkəzində ( Meridian İnternational
Center) “Azərbaycan Mədəniyyət Gecəsi” adlı caz konserti və qəbul
keçirilmişdir. ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının
mədəniyyət naziri Anar Kərimov və rəhbərlik etdiyi nümayəndə heyəti
də tədbirə qatılmışdır. Tədbirdə ABŞ ictimai siyasi dairələrinin,
diplomatik korpusun, beyin mərkəzlərinin nümayəndələri, Azərbaycan
icmasının üzvləri və yerli amerikalılar iştirak etmişdir.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindən AzerTimes-a verilən məlumata
görə, tədbiri giriş sözü ilə açan səfir Xəzər İbrahim zəngin
mədəniyyətə malik Azərbaycanda musiqiyə verilən dəyərdən, milli
musiqimizin qorunub saxlanılması ilə yanaşı, müasir və dünya
musiqisi, o cümlədən caz musiqisinin ölkəmizdə geniş yayılmasından
bəhs etmiş və bu sahənin peşəkarlarından söhbət açmışdır.

Mədəniyyət naziri Anar Kərimov Azərbaycanın zəngin
mədəniyyətinin bir hissəsi olan musiqidən bəhs etmiş və dünya caz
həftəsinə təsadüfən edən tədbir kontekstində ölkəmizdə caz
ənənələri, onun tarixi, xüsusilə də 1960-70-ci illərdən başlayaraq
Azərbaycanın Qafqazın caz mərkəzinə çevrilməsi, Vaqif Mustafazadə,
Əzizə Mustafazadə kimi əvəzedilməz caz ifaçılarının yetişməsini
vurğulamışdır. A.Kərimov Qarabağın tarixən Azərbaycanın musiqi
mərkəzi olması, bir sıra mötəbər musiqiçilərin məhz burada
yetişməsini xüsusi qeyd etmişdir.

Caz konsertində uzun illərdir ABŞ-da yaşayıb fəaliyyət göstərən
peşəkar caz ifaçısı Əminə Fiqarovanın rəhbərlik etdiyi caz qrupu
Azərbaycan musiqisinin motivlərindən ilhamlanaraq improvizə edilmiş
etno-caz janrında musiqilər ifa etmişdir. Konsertdə Vagif
Mustafazadənin əsərləri üstünlük təşkil etmişdir. Musiqiçilərin
özünəməxsus tərzdə ifa etdiyi “Laçın” musiqi parçası isə konsert
iştirakçıları tərəfindən xüsusilə bəyənilmiş və sürəkli alqışlarla
müşahidə olunmuşdur.

Konsertdən sonra qəbul zamanı qonaqlara Azərbaycan mətbəxinin
ləziz təamları təqdim edilmişdir.

Teqlər: