Zəfər Qurultayı Azərbaycan diaspor təşkilatlarının mütəşəkkilliyini və fəallığını daha da artıracaq – Səttar Möhbalıyev

İkinci Qarabağ müharibəsi dünya azərbaycanlıları üçün böyük bir
sınaq oldu. Təbii ki, apardığımız mübarizənin zəfərlə başa çatması
bizim birliyimizdən, həmrəyliyimizdən keçirdi. Bu istiqamətdə
dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların üzərinə də
böyük məsuliyyət düşürdü. Çünki Azərbaycanın haq-ədalət uğrunda,
işğala qarşı döyüşdüyünü dünya ictimaiyyətinə çatdırmaq daha vacib
məqamlardan idi. Və bu gün qürurla deyə bilərik ki, onlar bu
missiyanı yorulmadan, daha sivil və səliqəli şəkildə, heç nədən
çəkinməyərək ləyaqətlə yerinə yetirdilər. Həmin vaxt diaspor
təşkilatlarımız dünyanın əsas aparıcı ölkələrində 200-ə yaxın
aksiya təşkil edərək haqq səsimizin beynəlxalq aləmə
çatdırılmasında misilsiz xidmətlər göstərdilər. Bu aksiyalara
minlərlə soydaşımız qatılaraq fədakarcasına mübarizə apardı, tarixi
Vətənlərini nə qədər sevdiklərini və ona nə dərəcədə bağlı
olduqlarını bütün dünyaya nümayş etdirdilər. Bundan başqa, diaspor
təşkilatlarımız və soydaşlarımız yaşadıqları ölkələrin
rəhbərlərinə, parlamentlərinə yazlı müraciətlər edərək, bəyanatlar
səsləndirərək onları Azərbaycanın haqq işinə dəstək olmağa
çağırırdılar. Bir sözlə, onlar tarixi qələbəmizin təmin olunması
üçün üzərilərinə düşən vəzifəni şərəflə yerinə yetirərək
Azərbaycanın zəfər çalmasında böyük pay sahibi oldular.

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, soydaşlarımızın harada yaşamasından asılı
olmayaraq, nümayiş etdirdiyi bu möhtəşəm birliyə verilən ən ali
qiymət Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın və
azərbaycanlıların döyünən qəlbi, Türk dünyasının mədəniyyət
paytaxtı Şuşada keçirilməsi oldu: “Qurultayda müzəffər Ali Baş
Komandan, tarixi qələbəmizin memarı cənab İlham Əliyev heç də
təsadüfü deyildir ki, bu qurultayı Zəfər Qurultayı adlandırdı.
Çünki 30 ilə yaxın bir müddət ərzində biz tarixi torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda yorulmadan mübarizə apardıq.
Dövlətimizin müəyyən etdiyi bütün hədəflərin son ucu Qarabağda və
onun tacı olan Şuşada birləşirdi. Bundan əvvəl keçirilən Dünya
Azərbaycanlılarının Qurultaylarında yalnız bir istək var idi:
növbəti qurultayı Qarabağda keçirmək. Bu, onu göstərirdi ki,
xalqımız davam edən erməni işğalı ilə, məğlub adı ilə heç vaxt
barışmayacaq. Uzun illər apardığımız yorulmaz mücadilə, xalqımızın
tükənməz və sarsılmaz nümunəvi birliyi, yenilməz Azərbaycan
Ordusunun rəşadəti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin
sərkərdəlik məharəti və diplomatik bacarığı bizi qələbəyə
qovuşdurdu. Məhz buna görə də Dünya Azərbaycanlılarının Şuşa
Qurultayı – Zəfər Qurultayı bu qədər möhtəşəm və rəmzidir”.
“Dövlətimizin başçısı cənab İlham Əliyev Qurultayda söylədiyi geniş
nitqində, demək olar ki, xalqımızın həmrəyliyinə və sarsılmaz
birliyinə, bizi qələbəyə aparan yola, 44 günlük Vətən müharibəsində
zabit və əsgərlərimizin keçdiyi döyüş yoluna nəzər saldı,
postmüharibə dövrünün reallıqlarından, qarşıda duran müxtəlif və
fərqli vəzifələrdən bəhs etdi. Daha vacib məqam isə Prezident İlham
Əliyevin bundan sonra baş qaldıra biləcək erməni faşizminə
veriləcək cavabı idi. Təbii ki, ermənilərin bundan sonrakı
təxribatları onları məhvə sürükləyəcək. Bu, sadə bir məntiqdir ki,
Ermənistan heç vaxt Azərbaycanla rəqabət apara biləcək gücdə
olmayacaq. Çünki günü-gündən zəifləyən Ermənistan, sözün hər bir
mənasında, Azərbaycanın qabağında duruş gətirə bilməz. Onların bir
çıxış yolu var: qalib Azərbaycanın müəllifi olduğu reallıqları
qəbul etmək. Bunun əksi, təbii ki, İkinci Qarabağ müharibəsindən
bəllidir. Çünki Azərbaycan, dövlətimizin başçısının dediyi kimi,
müdafiə məqsədilə davamlı olaraq hərbi qüdrətini artırır və bundan
sonra da artıracaq. Baş verə biləcək bütün təxribatlara layiqli
cavab vermək gücündədir”, – Milli Məclisin deputatı deyib.

“Prezident İlham Əliyev diaspor təşkilatlarını postmüharibə
dövrünün reallıqları ilə dünya ictimaiyyətini məlumatlandırmağa
çağırdı. Təbii ki, bu, çox vacib məqamdır. Dünya bilməlidir ki,
Azərbaycanın bölgəyə gətirdiyi reallıqlar nədən ibarətdir. Bəzi
erməni dairələri yalan və böhtan dolu informasiyalarla çaşqınlıq
yaratmağa çalışırlar. Hamı bilməlidir ki, Azərbaycanın bütün
səyləri regionda sülh və sabitliyə, geniş əməkdaşlığa əsaslanır və
bu da bütün regionun hərtərəfli inkişafını hədəfləyir”, – AHİK
sədri vurğulayıb.
S.Möhbalıyev əlavə edib ki, Zəfər Qurultayı bir daha bütün dünyaya
azərbaycanlıların birliyini və həmrəyliyini nümayiş etdirdi:
“Qurultay soydaşlarımızın milli mənlik şüurunun daha da
güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının
mütəşəkkilliyinin və fəallığının artmasına, Azərbaycanımıza
məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq
hisslərinin bundan sonra da yüksəlməsinə səbəb olacaq. Qarşıda
görəcəyimiz hələ çox planlar var. Ölkəmizlə bağlı həqiqətləri dünya
ictimaiyyətinə çatdırmaq, zəngin mədəni irsimizi təbliğ etmək,
Şərqi Zəngəzurun və Qarabağın bərpası işinə töhfələr vermək bu
qəbildəndir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu,
təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər Heydər Əliyevin bizə
miras qoyduğu müqəddəs kəlamlara sadiq qalaraq bu gün nümayiş
etdirdiyimiz həmrəylik, inanırıq ki, heç vaxt sarsılmayacaq, daim
inkişaf edəcək və daha da möhkəmlənəcək”.

Teqlər: