“Nəsimi” tankerinin əsaslı təmiri başa çatıb – ASCO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Dəniz
Nəqliyyat Donanmasına məxsus “Nəsimi” tankerinin əsaslı təmiri başa
çatıb.

QSC-dən AzerTimes-a daxil olan məlumata görə, “Zığ” Gəmi Təmiri və
Tikintisi Zavodunda aparılan təmir işləri qısa müddətdə həyata
keçirilib.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi,
maşın şöbəsi təmizlənərək rənglənib. Baş və köməkçi mühərrik,
nasoslar, separatorlar və kompressorlar təmir edilib.

Gəmidə gövdə-qaynaq, elektrik-quraşdırma və avtomatika işləri də
yerinə yetirilib. Həmçinin, tankerdə yeni borular quraşdırılıb.

Rabitə və elektroradionaviqasiya sahəsinə aid yeni tip stasionar
ultraqısa dalğalı radiostansiya, maqnit kompas, exolot, sürət ölçən
qurğu, inmarsat peyk rabitə terminalı, qəza-xilasetmə
radiostansiyalar və radiovericilər, Avtomatik İdentifikasiya
Sistemi (AİS) və radiolokasiya stansiyası quraşdırılıb.

Eyni zamanda, “Nəsimi” gəmisinin heyətinə məxsus yaşayış
otaqları, sanitar qovşaqlar və yeməkxanalar yenilənib.

Təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və
yenidən xam neftin daşınmasına cəlb olunub.

Xatırladaq ki, “Nəsimi” gəmisinin uzunluğu 149,9, eni 17,3 metr,
tam yükgötürmə qabiliyyəti 13,8 min tondur.

Teqlər: