Zəfər Muzeyi üçün toplanan eksponatların sayı açıqlanıb

Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyi fondunun
təşkili üçün ötən ilin yanvar ayından lazımi materialların
toplanılması davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Mədəniyyət
Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bütün eksponatlar Azərbaycan İstiqlal Muzeyində
toplanılır.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli isə
Trend-in suallarına cavab olaraq bildirib ki,
2021-ci ilin yanvar ayından bu günədək 7224 eksponat
toplanılıb.

“Eksponatlar Vətən müharibəsində iştirak edən hərbçilərə,
həkimlərə, şəhid olanlara, qazilərə məxsus şəxsi əşyalar, sənədlər,
işğaldan azad edilən ərazilərimizə aid olan maddi-mədəniyyət
nümunələri və xəritələrdən ibarətdir. Hətta bir neçə şəhid ailəsi
həmin şəhidə məxsus bütün orden və medalları muzey üçün təqdim
edib.

Muzeydəki eksponatlar yalnız 44 günlük Vətən Müharibəsinə həsr
edilmir. Burada həmçinin Azərbaycan tarixinə məxsus xəritələr,
kitablar, Birinci Qarabağ müharibəsində və Aprel döyüşlərində
iştirak edənlərə, şəhid olanlarla, qazilərə məxsus əşyalar və
məlumatlar yer alacaq. Eksponatların toplanılmasında vətəndaşlarla
yanaşı dövlət qurumları da iştirak edir”,- deyə o bildirib.

Xatırladaq ki, 2020-ci il dekabrın 3-də Azərbaycan Prezident
İlham Əliyev Bakı şəhərində Vətən müharibəsi memorial kompleksinin
və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb.

Teqlər: