Yerli universitetlərdə yeni təlim və tədqiqat imkanlarının yaradılması

Bu gün bp təlim və tədris vasitələri və proseslərini yeniləməkdə
​​dəstək olmaq məqsədilə Azərbaycan Memarlıq və İnşaat
Universitetinə (AzMİU) üç müasir laboratoriya hədiyyə edib. Bunlar
Mühəndis Sistemlərinin və Qurğularının Tikintisi fakültəsinin
nəzdində fəaliyyət göstərəcək tam təchiz olunmuş elektronika və
elektrik mühəndisliyi, enerji səmərəliliyi və bərpa olunan enerji
mənbələri və “Ağıllı ev” laboratoriyalarıdır.

bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə
vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Çox məmnunuq ki, universitet
indi artıq öz tələbələrinə yeni laboratoriyalarda quraşdırılmış
müasir avadanlıq, elektron vasitələr və innovativ sistemlərdən
istifadə etməklə daha geniş öyrənmə, tədqiqat və təcrübə imkanları
təklif edə biləcək. İnanırıq ki, bu laboratoriyalar bərpa olunan
enerji sahəsində enerji baxımından səmərəli həllər təqdim etməyə və
bununla da ölkənin enerji keçidi səylərinə töhfə verməyə qadir olan
yeni nəsil mütəxəssislərin yetişməsinə kömək edəcək.

Həmçinin çox məmnunuq ki, bu layihə yerli universitetlərlə sıx
əməkdaşlığımızın daha da genişlənməsinə xidmət edir. Bu il bp
Azərbaycana gəlişinin 30 illiyini qeyd edir. Ötən otuz il ərzində
biz onlarla yerli universitetlə əməkdaşlıq edərək, onlara aparıcı
beynəlxalq təhsil müəssisələri ilə tərəfdaşlıq qurmağa, beynəlxalq
bilik və təcrübələri ölkəyə gətirməyə, innovativ təhsil
texnologiyalarını və metodologiyalarını tətbiq etməyə imkanlar
yaratmış və ali təhsilin ümumi keyfiyyətinin yüksəldilməsinə dəstək
vermişik. Biz əməkdaşlıq etdiyimiz universitetlərlə birgə əldə
etdiyimiz nailiyyətlərlə qürur duyuruq və gələcəkdə də bu sahəni
ölkədəki sosial fəaliyyətimizin əsas istiqaməti kimi davam
etdirəcəyik.”

Layihənin ümumi dəyəri 294600 AZN təşkil edir və buraya bütün
zəruri avadanlıqların, texniki vasitələrin və proqram təminatının
alınması və quraşdırılması, həmçinin laboratoriyaların səmərəli
fəaliyyəti üçün tələb olunan bir sıra təlimat kitabçalarının nəşri
daxildir.

Redaktorlar üçün qeydlər

bp şirkəti Azərbaycanda 30 ildir ki, neft və qazın kəşfiyyatı,
işlənməsi və nəqli üzrə iri layihələrin əməliyyatçısıdır və bu
layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə
həyata keçirir. Bu vaxtadək bp öz tərəfdaşları ilə birlikdə ölkədə
icraçısı olduğu layihələrə təxminən 84 milyard dollar sərmayə
qoyub. Azərbaycanda biz ən çox töhfə verə biləcəyimizə inandığımız
sahələrə yönəlməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək
öhdəliyi götürmüşük.

Ölkədə həyata keçirdiyimiz geniş sosial sərmayə fəaliyyətlərimiz
və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səylərimiz
insanlara əhəmiyyətli faydalar gətirməklə, onların həyatını
yaxşılaşdırıb və dəyişdirib.


Sosial sərmayələrimiz yerli potensialın yaradılması, təhsil,
icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman
potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin
tədqiqi və təbliği kimi sahələrə yönəlib. Fəaliyyətə başladığı
vaxtdan indiyədək bp özü və onun əməliyyatçısı olduğu birgə
layihələrdəki tərəfdaşları adından ölkədəki sosial sərmayə
layihələrinə ümumilikdə təxminən 100 milyon dollar vəsait
xərcləmişdir.

Azərbaycanda bp şirkətində təxminən 2270 Azərbaycan vətəndaşı
çalışır və bu da, şirkətin ixtisaslı işçi heyətinin 90 faizini
təşkil edir.

bp və tərəfdaşlarının sosial sərmayə layihələri barədə ətraflı
məlumat əldə etmək üçün www.bp.com/azerbaijan vebsaytına
daxil olun.

Əlavə məlumat üçün:

bp-nin Bakı ofisindəki mətbuat xidmətində Tamam Bayatlıya
müraciət edə bilərsiniz.

Telefon: (+994 12) 525 58 95

Teqlər: