KOB subyektlərinin layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş qrant müsabiqəsinin nəticələri açıqlanıb (FOTO)

Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin elm və dəstək
layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş ikinci qrant
müsabiqəsinin nəticələri açıqlanıb. Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş
200 layihədən 13-nün maliyyələşdirilməsi barədə qərar qəbul
olunub.

Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert
Komissiyasının fevralın 24-də keçirilmiş iclasında qeyd edilib ki,
müsabiqəyə 194-ü KOB subyekti və 6-sı qeyri-sahibkarlıq subyekti
olmaqla ümumilikdə 200 layihə təqdim edilib. KOB subyektlərinə
məxsus layihələrin 93-ü hüquqi, 101-i fiziki şəxslərə, o cümlədən
186-sı mikro, 5-i kiçik, 3-ü orta sahibkarlıq subyektlərinə
məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 131-i dəstək,
7-si tədqiqat, 62-si isə digər sahələr üzrə layihələrdir.

Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
elm və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş
2-ci qrant müsabiqəsinə sənəd qəbulu 15 noyabr – 14 dekabr 2021-ci
il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə
16 dekabr 2021-ci il – 10 fevral 2022-ci tarixlərində həyata
keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin
qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci
il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun
mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri,
innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki
məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi
təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi
amillər əsas götürülüb. Qalib layihələrin hər birinə maksimum 20
min manata qədər maliyyə vəsaiti ayrılacaqdır.


Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından əldə
etmək olar: https://smb.gov.az/az/nav/qrant