Yelo Bank-ın aktivləri 145 milyon artıb

Yelo Bank 2022-ci ilin birinci rübü üzrə maliyyə hesabatını
açıqladı. Bank əsas maliyyə göstəriciləri üzrə pozitiv artım
dinamikasını qorumaqla ilə parlaq şəkildə başlayıb. Bankın cəmi
aktivləri ötən ilin sonu ilə müqayisədə 145 milyon, yəni 27%
artaraq 678 milyon manatı ötüb.

Bank kredit portfeli üzrə də uzun müddətdir ki, artım
tendensiyasını qoruyub saxlayır. Belə ki, 2021-ci ilin sonu ilə
müqayisədə kredit portfeli 26 milyon manat artaraq 472 milyon
manata çatıb. Hesabat dövrü ərzində Bank real sektorun
maliyyələşməsinə 77 milyon manat kredit ayrılıb.

İlk rüb ərzində 4000-ə yaxın müştəriyə 27 milyondan çox istehlak
krediti verilib və nəticədə bu istiqamət üzrə kredit portfeli 8
milyon artaraq 119 milyon manata çatıb. Bu satışın demək olar ki,
30%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.

Bu dövr üzrə əmanət portfelində də 100 milyon manatlıq 28% artım
müşahidə olunur. Bunun fiziki şəxslərin əmanətləri hesabına baş
verməsi müştərilərin Yelo Bank-a inamının da artmasını göstərir.
Belə ki, 2022-ci ilin ilk 3 ayı ərzində 1200-dən çox müştəri öz
əmanətlərini Yelo Bank-a etibar edib və Bankın depozit
portfeli 452 milyon manatı ötüb.

Eyni zamanda hesabat dövrü üzrə Bankın xalis faiz gəlirləri 12
milyon manat olub. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 20%
artım deməkdir. Qeyd edək ki, Bank 3.4 milyon kredit ehtiyatı
yaradaraq rübü 345 min manat mənfəət ilə tamamlayıb. İlk rüb üzrə
qeyri-faiz gəlirləri 1.3 milyondan çox olub ki, bu da ötən ilin
eyni dövrü üzrə müqayisədə 2 dəfədən çox artım deməkdir.

Bank-ın məcmu kapitalı 89 milyon manat təşkil edib ki, bu da
requlyativ tələbdən 39 milyon manat çoxdur. Məcmu kapitalın
adekvatlıq əmsalı 14.61%, birinci dərəcəli kapitalın adekvatlıq
əmsalı isə 9.33% olmaqla, hər iki göstərici üzrə tələb olunan
normanı üstələyir.

Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 1-ci rübün
maliyyə nəticələrini belə şərh edib: “Bankımızın həm ötən il, həm
də bu ilin ilk ayları üzrə nəticələrinə baxdıqda inkişaf
strategiyamız üzrə düzgün irəlilədiyimizə bir daha əmin oluram.
Təbii ki, bu nəticələr peşəkar komandamız və müştərilərimizin artan
etibarı olmadan reallaşa bilməzdi. 2022-ci ilə hədəflərimizə uyğun
start vermişik. Bu il müştərilərimizin həyatını rahatlaşdıracaq
daha bir neçə yeni rəqəmsal məhsullarımızı istifadəyə verməyi və
xüsusilə regional istiqamətdə xidmət şəbəkəmizi genişləndirməyi
nəzərdə tutmuşuq.”

Qeyd edək ki, Bank 2022-ci ilin ilk rübü ərzində Salyanda və
Ağcabədidə olmaqla artıq 2 yeni regional filialını istifadəyə
verib.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın
cavablandıraq!

Yelo Bank – Parlaq bankçılıq!

Teqlər: