Səhiyyə Nazirliyində ÜST-nin Avropa üzrə regional direktoru ilə görüş keçirilib (FOTO)

Prezident İlham Əliyev ölkəmizdə rəsmi səfərdə olan Ümumdünya
Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans
Henri Klugeni qəbul edib.

Nazirlikdən AzerTimes-a verilən məlumata görə, daha sonra Hans Henri
Kluge səhiyyə naziri Teymur Musayevin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşüb. Tədbirdə ölkəmizin digər səhiyyə qurumlarının
rəhbərləri də iştirak edib.

Qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev ölkəmizin
Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığa böyük önəm verdiyini
vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan nüfuzlu səhiyyə
təşkilatı ilə 1992-ci ildən sıx əməkdaşlıq edir və bu əməkdaşlıq
hər il yüksələn xətlə inkişaf etməkdədir: “Ötən 30 il müddətində
qarşılıqlı əməkdaşlıq şəraitində mühüm işlər görülüb, ölkə,
regional və qlobal səviyyələrdə uğurlu layihələr həyata keçirilib.
Bu əməkdaşlığın başlanğıcında yeni qurulan müstəqil dövlətimizin
səhiyyəsi müəyyən çətinliklərlə üzləşib. Ölkə rəhbərliyinin səhiyyə
sektoruna xüsusi qayğısı və uzaqgörən siyasəti nəticəsində bu
çətinliklər mərhələli şəkildə aradan qaldırılıb. Bu işdə bizə
yaxından kömək edən etibarlı tərəfdaşlardan biri də Ümumdünya
Səhiyyə Təşkilatı olub”.

Nazir COVID-19-la mübarizədə ölkə daxilində görülmüş işlər,
habelə beynəlxalq müstəvidə Azərbaycanın göstərdiyi yardım və irəli
sürdüyü təşəbbüsləri qeyd edib: “Azərbaycanın pandemiya ilə
mübarizədə gördüyü işlər və əldə etdiyi nailiyyətlər ÜST-nin Baş
direktoru Tedros Qebreyesus tərəfindən də yüksək
qiymətləndirilib”.

Öz çıxışında Teymur Musayev həmçinin milli səhiyyənin
təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində aparılan
işlərdə Ümumdünya Səhiyyə Təşkilatının ölkə nümayəndəliyinin
fəallığını xüsusi qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Hans Henri Kluge qlobal
səhiyyə hədəflərinə nail olmaq üçün ilkin səhiyyə xidmətlərinin
prioritet təşkil etməsinin əhəmiyyətini vurğulayıb. Koronavirus
infeksiyası mövzusuna toxunan ÜST-nin Avropa üzrə regional
direktoru COVID-19 peyvəndlərinin digər ölkələrə göndərilməsi kimi
humanist addıma görə Azərbaycan rəhbərliyinə təşəkkürünü ifadə
edib.

Ölkəmizin səhiyyə sistemində aparılan islahatların
dəstəkləndiyini bildirən Hans Henri Kluge təmsil etdiyi qurumun
Azərbaycanda rəqəmsal səhiyyənin inkişafına hər cür dəstək verməyə
hazır olduqlarını qeyd edib.

İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər həmçinin
Azərbaycan Səhiyyə Nazirliyi ilə Ümumdünya Səhiyyə Təşkilatı
arasında potensial əməkdaşlıq sahələri üzrə geniş müzakirələr
aparıblar.

Teqlər: