Hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir təhlükə yoxdur – Federasiya

Azərbaycan Cüdo Federasiyası ictimaiyyətin diqqətinə çatdırır
ki, 20 apreldən etibarən Göygöl Olimpiya İdman Kompleksində
Azərbaycanın müxtəlif regionlarından olan 15-ə yaşa qədər yeniyetmə
cüdoçuların təlim məşq prosesi təşkil edilmişdir. 30 aprelə qədər
davam edəcək təlim məşq toplanışında məqsəd 6-8 may tarixlərində
keçiriləcək 15-ə yaşa qədər yeniyetmələrin Azərbaycan birinciliyinə
regiondan olan cüdoçuları yüksək səviyyədə hazırlamaq və onların
Bakı və Sumqayıtdan olan həmyaşıdları ilə rəqabət səviyyələrini
yüksəltməkdir.

Federasiyadan AzerTimes-a verilən məlumata görə, təlim məşq
toplanışı təşkil edilərkən Azərbaycan Cüdo Federasiyası tərəfindən
Göygöl Olimpiya İdman Kompleksinin seçilməsi təsadüfi deyil. İndiyə
qədər Azərbaycan Cüdo Federasiyası adıçəkilən idman kompleksində
dəfələrlə müxtəlif yaş qrupları üçün təlim məşq toplanışları və
yarışlar təşkil edib və göstərilən xidmət həmişə yüksək səviyyədə
olub.

Təlim məşq prosesi zamanı bəzi idmançılar özlərini pis hiss
etdiklərindən onlar müayinə üçün Göygöl rayon xəstəxanasına
aparılıblar və onlara ilkin tibbi yardım gösətrildikdən və
hərətəfli müayinə göstərildikdən sonra idmançılar yenidən Göygöl
Olimpiya İdman Kompleksinə qayıdıblar. Həmçinin, onlardan
götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib.

Hazırda idmançıların səhhəti yaxşıdır və sağlamlıqlarına heç bir
təhlükə yoxdur. Yeniyetmə cüdoçularımız cari qrafik üzrə məşqlərini
davam etdirilər.

Eyni zamanda qeyd etməliyik ki, Göygöl Olimpiya İdman Kompleksi
ilə aramızda imzalanan müqaviləyə əsasən, idmançıların
qidalanmasının qida təhlükəsizliyinə uyğun şəkildə həyata
keçirilməsini qarşı tərəf təşkil edir.

İdmançılarımızın sağlamlığı və təhlükəsizliyinin təmin edilməsi
Azərbaycan Cüdo Federasiyasının ən ümdə vəzifələrindəndir və biz bu
məsələyə ən ciddi şəkildə yanaşırıq. Bununla əlaqədar olaraq,
məsələnin tam araşdırılması və idmançıların özlərini pis hiss
etmələrinin səbəblərinin müəyyən edilməsi üçün Federasiya dövlət
orqanları ilə əməkdaşlıq edir.

Sözügedən məsələ ilə bağlı əlavə məlumatlar olduğu halda
ictimaiyyəti məlumatlandıracağıq.

Teqlər: