Yaponiyada uşaqların sayı rekord həddə düşüb

Yaponiyada uşaqların sayı statistikanın başladığı 1950-ci ildən
bəri ən aşağı səviyyəyə düşüb.

Trend “TASS”-a
istinadla xəbər verir ki, bu barədə Yaponiya İnzibati İşlər və
Kommunikasiya Nazirliyinin ölkədə qeyd olunan 5 May – Uşaqların
Müdafiəsi Günü ilə bağlı çərşənbə günü yaydığı hesabatda
deyilir.

Qeyd olunur ki, aprelin 1-nə ölkədə 14 yaşa qədər 14,65 milyon
qız və oğlan olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 250 min
uşaq azdır.

Ölkənin 14 yaşa qədər sakinləri hazırda əhalinin cəmi 11,7%-ni
təşkil edir. Yaponiya bu göstəriciyə görə əhalisi 40 milyon
nəfərdən çox olan 35 ölkə arasında ən aşağı yeri tutur.

1982-ci ildən bəri ölkədə uşaqların sayı durmadan azalır. Son
illərdə pandemiya səbəbindən doğum nisbəti daha da aşağı düşüb.

2020-ci ilin oktyabrından 2021-ci ilin oktyabrınadək Yaponiya
əhalisi, o cümlədən ölkədə daimi yaşayan əcnəbilər də daxil
olmaqla, 644 min nəfər azalaraq 125,5 milyon nəfərə düşüb.