Yaponiya son iki ildə ilk dəfə əcnəbi turistlərin ölkəyə gəlməsinə icazə verib

İyunun 10-dan Yaponiya son iki ildə ilk dəfə əcnəbi turistlərin
ölkəyə gəlməsi üçün sərhədlərini açacaq.

Trend xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Fumio
Kişida bəyan edib.

Lakin bununla yanaşı, hökumət başçısı yumşaltmaların
mərhələlərlə və müəyyən şərtlərlə tətbiq olunacağını bildirib.

Qeyd edək ki, mart ayından COVID-19-la bağlı sərhəd nəzarətini
yumşaldan hökumət iyunun 1-dən ölkəyə gündəlik giriş sayını 20
minədək artırmağı nəzərdə tutub. Bildirilir ki, əcnəbi turistlər
paket turlar vasitəsilə və bələdçilərin müşayiəti ilə ölkəyə
buraxılacaqlar.

Bununla yanaşı, Yaponiya hökumətinin sərhəddə yumşaltmaları
artırdığı da qeyd edilir. Belə ki, mayın 26-dan etibarən tam
peyvənd olunan və PCR testi təqdim edənlərin karantində qalmaları
tələbi də aradan qaldırılıb.

Əlavə olaraq bildirək ki, 2019-cu ildə koronavirus pandemiyası
ərəfəsində Yaponiyaya gələn əcnəbilərin illik sayı 31,88 milyon
nəfərə çatmışdı. Lakin COVID-19-un yayılmasının qarşısını almaq
üçün tətbiq edilən məhdudiyyətlər səbəbindən ötən il bu ölkəyə cəmi
245 min 900 əcnəbi gəlib.