Yaponiya Şimali Koreyaya növbəti raket buraxılışı ilə bağlı etirazını bildirib

Yaponiya növbəti raket buraxılışları ilə bağlı Şimali Koreyaya
etirazını bildirib və ABŞ Prezidentinin Tokioda QUAD liderlərinin
sammitində iştirakından sonra atılan bu addımı birbaşa təxribat
adlandırıb.

Trend xəbər
verir ki, bu barədə Yaponiyanın müdafiə naziri Nabuo Kişi
jurnalistlərə bəyan edib.

“Bu, Şimali Koreya tərəfindən açıq təxribatdır və qətiyyən
qəbuledilməzdir. Buna görə biz diplomatik kanallar vasitəsilə
etirazımızı bildirmişik”, – deyə nazir bildirib.

N.Kişi əlavə edib ki, buraxılan 3 ballistik raketdən biri
təqribən 300 və digəri isə 750 kilometr məsafə qət edərək, Yapon
dənizinin şərqində suya düşüb. Raketlər Yaponiyanın məxsusi
iqtisadi zonasına çatmayıb. Sınaqlar nəticəsində gəmilərə zərər
dəyməsi barədə məlumat daxil olmayıb. Nazir üçüncü raketlə bağlı
hələlik məlumatların toplandığını da qeyd edib.

Cənubi Koreya hərbçilərinin məlumatına görə, mayın 25-də səhər
Şimali Koreya Pxenyan yaxınlığındakı Sunan rayonundan Yapon dənizi
istiqamətində üç ballistik raket buraxıb.

Bu, cari ildə Şimali Koreyanın həyata keçirdiyi 16-cı raket
sınağıdır.