YAP Xəzər rayon təşkilatında “Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri” adlı konfrans keçirilib (FOTO)

14 aprel 2022-ci il tarixində YAP Xəzər rayon təşkilatının
qərargahında “Müasir cəmiyyətimizdə gənclərin rolu və vəzifələri”
adlı konfrans keçirilmişdir. Konfransda Xəzər rayon İcra
Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Gənclər Birliyinin sədri
Bəxtiyar İslamov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Milli Məclisin üzvləri Rauf Əliyev və Soltan Məmmədov, iştirak
etmişdir.

Tədbir iştirakçıları əvvəlcə YAP Xəzər rayon təşkilatının
foyesində müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər
Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər. YAP Xəzər rayon
təşkilatının akt zalında davam edən tədbirin əvvəlində ümummilli
lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhidlik
zirvəsinə ucalan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov gənclərin
iştirakı ilə keçirilən belə görüşlərin əhəmiyyətindən danışaraq
vurğulayıb ki, YAP Xəzər rayon təşkilatı hər zaman fəaliyyətində
gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli
şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət
yetirib. Bu gün ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda
tərbiyə olunması aktual məsələ kimi böyük əhəmiyyət kəsb edir.
Çünki, vətənpərvərlik hissinin aşılanması dövlətin, dilin,
adət-ənənələrin, ümumilikdə bütöv bir xalqın gələcəyini təmin edən
amillərin ən mühümüdür. Yeni Azərbaycan Partiyası gənclərin
maarifləndirilməsi, kreativ və intellektual bacarıqlarının
artırılması, sağlam yetişməsi, dövlətçilik ideyalarına sadiqlik və
hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, bütövlükdə,
rayonumuzun və respublikamızın ictimai-siyasi və sosial-mədəni
həyatı ilə bağlı müxtəlif istiqamətlərdə tədbirlər həyata keçirir.
Müasir Azərbaycan gəncləri o cümlədən Xəzər rayon gəncləri də
Respublikamızın ictimai-siyasi həyatında yaxından və fəal iştirak
edirlər. Bu gün yüksək intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclərimizin Azərbaycanın
siyasi-iqtisadi və eləcə də sosial-mədəni sahələrin inkişafına
verdikləri böyük töhfələrin şahidiyik. Yeni Azərbaycan Partiyası
Gənclərinin fəaliyyətində əsas prioritet məqsəd və istiqamət cənab
Prezident İlham Əliyevin qarşımıza qoyduğu məqsəd və hədəflərə nail
olmaqdır.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov çıxış edərək
bildirib ki, gəncliyin inkişafına daim dəstək göstərən Yeni
Azərbaycan Partiyası gənclərin gücünə, potensialına və istedadına
olan güvənin artırılmasına imkan yaradaraq bu sahədə çoxsaylı
layihələr həyata keçirir. Buna görə də partiyaya yeni qoşulanların
böyük əksəriyyətini məhz gənclər təşkil edirlər. YAP-ın sıralarına
qoşulan gənclər ulu öndər Heydər Əliyevin miras qoyduğu ənənələrə
sadiqliklərini, Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü
siyasətinə inamlarını ifadə etməklə yanaşı, dövlətimizə xidmət
etmək üçün böyük imkanlar əldə edirlər. Biz gənclərin təklifləri
daim dinlənilərək qiymətləndirilir və partiyanın fəaliyyətində
mühüm yer tutur. Biz gənclər dövlət müstəqilliyimizin qorunub
saxlanması və daha da inkişaf etdirilməsini cənab İlham Əliyevin
həyata keçirdiyi siyasi kursun uğurla davam etdirilməsində görürük.
Biz, gənclərin maarifləndirilməsində, düzgün dəyərlərlə
vətənpərvər, milli ruhda yetişmələrinin davam etdirilməsində, eyni
zamanda, onların yenilikçi, müasir dövrün çağırışlarından agah
olaraq daha da inkişaf etmələri istiqamətində işlərimizi qururuq.
Bundan sonrakı fəaliyyətimizdə də başlıca məqsədimiz cənab
Prezidentin rəhbərliyi dövründə formalaşdırılmış Azərbaycan
gəncliyinin sahib olduğu dəyərləri özündən sonrakı gənclərə də
ötürülməsi istiqamətində təbliğatların aparılmasıdır.

Xəzər rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov üzünü
gənclərə tutaraq bildirib ki, gənclik hər zaman inkişaf etməli və
dövlətinə, xalqına bağlı olmalıdır. Prezident İlham Əliyev
Azərbaycanın qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam
bəsləyir, ölkəmizdə biz gənclərə yüksək şərait yaradılması
istiqamətində Dövlət proqramları qəbul edilir. Gənclər ideyaca
savadlı olmalı, işə şüurlu yanaşmalı, məsuliyyətli, vicdanlı,
mübariz olmalı, vətənin inkişafı naminə çalışmalıdırlar. Elşən
Salahov gənclərə hər zaman dövlətimizin bayrağını daim yüksəklərdə
tutmaq üçün elm, idman və b. sahələrdə hər zaman öz üzərində
çalışaraq inkişaf etmələrini məsləhət görüb.

Milli Məclisin üzvləri Rauf Əliyev və Soltan Məmmədov bildirib
ki 44 günlük Vətən müharibəsində cənab Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu misli
görünməmiş bir Qələbə qazanaraq tarixi ədaləti bərpa etdi. Bu
tarixi ədalət özlüyündə regionumuza yeniliklər və yeni reallıqlar
gətirdi. Bu reallıqların bir istiqaməti olaraq ölkəmizin
müstəqilliyinin qorunması, gələcək inkişafının daha da
sürətlənməsi, gənclərimizin birbaşa olaraq bu işin əsas aparıcı
qüvvəsi olması üçün Yeni Azərbaycan Partiyası Gəncləri də bir sıra
istiqamətlərdə fəaliyyət göstərir.

Yeni Azərbaycan Partiyasının gənc fəalı Nərgiz Heybətova çıxış
edərək, bildirib ki, biz gənclər ölkədə yaradılmış ictimai-siyasi
sabitliyin, əmin-amanlığın bundan sonra da qorunub saxlanması,
sosial-iqtisadi inkişaf proseslerinin daha da sürətləndirilməsi və
digər ümummilli strateji məsələlərin həll edilməsi istiqamətində
üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün öz
potensialımızı əsirgəməyəcəyik. Cənab İlham Əliyevin ətrafında sıx
birləşməklə, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə
bundan sonra da bütün imkan və bacarığımızı səfərbər edəcəyik.

Daha sonra gənclərlə müzakirə formatında keçən konfransda
gənclər öz ürək sözlərini bölüşüb və suallarına cavab alıblar.
Sonda Yeni Azərbaycan Partiyasına daxil olan bir qrup gəncə üzvlük
vəsiqələri təqdim olunub.

Teqlər: