YAP-da Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı konfrans keçirilib (FOTO)

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında görkəmli
oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu
ildönümünə həsr olunan “Nurlu ömrün işığı” adlı konfrans
keçirilib.

Trend xəbər verir ki, tədbirdə YAP sədrinin müavini-Mərkəzi
Aparatının rəhbəri Tahir Budaqov, səhiyyə naziri Teymur Musayev,
YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları
və digər şəxslər iştirak edib.

Tədbirin əvvəlində görkəmli oftalmoloq, akademik Zərifə
Əliyevanın, torpaqlarımızın müdafiəsində və azad edilməsində şəhid
olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyat və
fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-Mərkəzi
Aparatının rəhbəri Tahir Budaqov bildirib ki, Zərifə Əliyevanın
şərəfli ömür yolu gələcək nəsillər üçün nümunədir: “Zərifə xanım
Əliyeva gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm nümunə yaradıb.
Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi də Zərifə
Əliyevanın adı ilə bağlıdır. O həmçinin, Azərbaycanda
oftalmologiyanın inkişafına töhfələr verib. Bununla yanaşı Zərifə
xanım Əliyevanın ictimai fəaliyyəti də cəmiyyətimiz üçün faydalı
olub. O vətən üçün, Azərbaycan naminə misilsiz işlər görüb. Heydər
Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham
Əliyev Azərbaycana tarixi nailiyyətlər qazandırıb”.

Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Zərifə xanım elə
şəxsiyyət idi ki, onunla ünsiyyətdə olanlar onu bir daha unuda
bilmirdilər: “Zərifə xanım üçün xeyirxahlıq hər zaman həyat tərzi
olub. Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə
birləşdirən Zərifə xanım hər zaman ulu öndərə dəstək olub. İlk dəfə
olaraq Azərbaycanda Zərifə Əliyevanın sayəsində göz orqanının peşə
xəstəlikləri öyrənilib. Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə
olunan nailiyyətlərdə onun böyük zəhməti var. Zərifə Əliyevanın
işıqlı obrazı heç vaxt xatirələrdən silinməyəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Bahar Muradova “Akademik Zərifə Əliyeva – xeyirxahlıq və humanizm
mücəssəməsi” mövzusunda nitq söyləyib: “Bu gün Zərifə xanım
insanların qəlbində özünə sevgidən abidə ucaldıb”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov
qeyd edib ki, 40-50-ci illərdə dünyada 400 milyon insan traxoma
xəstəliyinə tutulmuşdu və onlardan 80 milyonunu görmə qabiliyyətini
itirmişdi: “Zərifə xanımın elmi fəaliyyyəti, elmi tədqiqatları ilə
tanış olanda görürük ki, o həmişə oftolmalogiyanın ən çətin
sahələrinə müraciət edib. Zərifə xanım ilk tədqiqatçı idi ki, göz
dibini müayinə etməklə insanda olan xəstəlikləri ortaya çıxara
bilirdi. Bu tək Azərbaycanda deyil, dünyada yüksək qiymətləndirilən
tədqiqat idi. Zərifə xanımın bu sahədə 2 monoqrafiyası var”.

Teqlər: