Xarici İşlər Nazirliyi Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına cavab verib

Nə qədər ki, Ermənistan hakimiyyəti yalan üzərində qurulan
barışmaz mövqe nümayiş etdirəcək, təəssüf ki, bir o qədər erməni
xalqı sülh və rifahdan məhrum olacaq.

AzerTimes-ın məlumatına görə, bu
barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti
idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Sumqayıt
hadisələri ilə bağlı bəyanatını şərh edərkən deyib.

“Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı yaydığı
tamamilə əsassız və yalan dolu iddialar tərəfimizdən dəfələrlə
cavablandırılıb.

Növbəti dəfə vurğulayırıq ki,1988-ci il fevralın ayının
sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı
hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış
təxribat idi. Xatırladırıq ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş
vermiş hadisə ilə bağlı cinayət işi açıldı, istintaq aparıldı,
nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin
ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edildi. Qeyd
istərdik ki, hadisənin qurbanları arasında 6 nəfəri azərbaycanlı
idi. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin
səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni
millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan
Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan
ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı
ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün
Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb.

27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar
məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər
barəsində həbs cəzası verildi, həmçinin bir nəfər ölüm cəzası aldı.
Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin
sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx
yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının
ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülmədi.

Azərbaycanın 20% ərazisini otuz ilə yaxın müddətdə hərbi işğal
altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti çərçivəsində
çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən
Xocalı soyqırımını törədib. Lakin bu cinayətləri törədənlərdən heç
kim bu günədək hüquqi məsuliyyətə cəlb olunmayıb.

Ermənistan XİN-inə xatırladırıq ki, Azərbaycan Respublikası
beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində
Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub və
ərazi bütövlüyünü təmin edib. İşğal faktorunun aradan qaldırılması
ilə hazırda bölgədə yaranan yeni, əməkdaşlıq və sülh quruculuğu
imkanlarından faydalanmaq əvəzinə yalan, əsassız və düşmənçilik
təşviq edən bəyanatların verilməsi Ermənistanın əsl niyyətini
nümayiş etdirir.

Nə qədər ki, Ermənistan hakimiyyəti yalan üzərində qurulan
barışmaz mövqe nümayiş etdirəcək, təəssüf ki, bir o qədər erməni
xalqı sülh və rifahdan məhrum olacaq”,- L.Abdullayeva deyib.

Teqlər: