Xarici işlər nazirinin müavini Norveçə işgüzar səfər edib (FOTO)

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Fariz
Rzayev 23-25 may 2022-ci il tarixlərində Norveç Krallığına işgüzar
səfər edib.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, səfər
çərçivəsində Norveç Xarici İşlər Nazirliyinin dövlət katibi Eivid
Vad Petersson, Norveç Stortinqi (Parlament) Xarici işlər və müdafiə
üzrə daimi komitəsinin sədri Ine Eriksen Soreide, Stortinqin
AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Ingjerd Schou və “Equinor”
şirkətinin vitse-prezidenti Qustavo Baquero ilə görüşlər
keçirilib.

Görüşlər zamanı Azərbaycan və Norveç arasında diplomatik
əlaqələrin qurulmasının 30-cü ildönümünün bu işgüzar səfər və
mədəni tədbirlərlə birgə qeyd olunması yüksək qiymətləndirilib,
müxtəlif sahələr üzrə geniş potensiala malik ikitərəfli əlaqələrin
hazırkı vəziyyəti və inkişaf perspektivləri barədə fikir mübadiləsi
aparılıb, XİN-lər və parlamentlərarası müntəzəm dialoqun
gücləndirilməsi, münaqişədən sonrakı dövrdə Azərbaycan və
Ermənistan arasında gedən normallaşma prosesləri, eləcə də bölgədə
regional əməkdaşlığın qurulması istiqamətində irəli sürülmüş
təşəbbüslər müzakirə edilib.

Norveç Beynəlxalq Məsələlər İnstitutunun (NUPİ) tədqiqatçıları
ilə keçirilmiş dəyirmi masada post-münaqişə dövründə Cənubi
Qafqazda gedən normallaşma prosesləri və hazırda aktuallıq kəsb
edən beynəlxalq və regional mövzular nəzərdən keçirilib.

Səfər çərçivəsində, Azərbaycan Respublikasının Müstəqillik Günü,
eləcə də Azərbaycan və Norveç arasında diplomatik əlaqələrin
qurulmasının 30 illiyi münasibətilə Oslonun “Litteraturhuset”
Mərkəzində İsfar Sarabski Caz Triosunun konserti və diplomatik
qəbul keçirilib.

Teqlər: