Vüqar Rəhimzadə: “TEKNOFEST” Azərbaycan və Türkiyə liderlərinin qardaşlığını bir daha dünyaya nümayiş etdirdi

“İki dost, qardaş, müttəfiq ölkələr- Azərbaycan və Türkiyə
növbəti dəfə sarsılmaz birlikləri, həmrəylikləri ilə dünyanı
heyrətləndirdilər. Bakıda ilk dəfə keçirilən “TEKNOFEST Azərbaycan”
Aerokosmik və texnologiya festivalı gələcəyimiz olan gənclərin bu
qardaşlığa verəcəkləri töhfələrin aydın mənzərəsini təqdim etdi.
Nəzərə alanda ki, “TEKNOFEST” müstəqilliyi, qardaşlığı, elmi əldə
rəhbər tutan bir ideya, ruhdur, bu halda gələcəkdə dostluğumuzun,
qardaşlığımızın daha da möhtəşəm olacağını artıq indidən aydın
görür və bundan qürur hissi keçiririk. Hər bir inkişafın,
tərəqqinin təməlində bilik, yeni texnologiyalar, yeni ideyalar
dayanır. İki qardaş ölkələrimiz daim yeniliyə, müasirliyə meyil
göstərərək hər bir yeni təcrübənin tətbiqi fonunda dayanıqlı
inkişafları ilə diqqətdə olur. Dövlət başçısı İlham Əliyevin
Azərbaycan-Türkiyə qardaşlığının tarixinə nəzər salaraq keçilən
yolun təhlili əsasında səsləndirdiyi “Bir də təvazökarlıqdan kənar
olsa da, hesab edirəm ki, bu gün daha iki nümunə var – o da mənim
qardaşımla mən. Biz ölkələrimizi müstəqillik yolu ilə irəliyə
aparırıq. Mən dəfələrlə demişəm ki, Türkiyənin artan gücü bizi
gücləndirir və biz bir-birimizə güc qataraq böyük dünya çapında bir
güc mərkəzinə çevrildik” fikirləri ölkələrin inkişafında liderlərin
rolunun təqdimatı oldu. Azərbaycan Prezidentinin vurğuladığı kimi,
Türkiyənin uğurlu inkişafı, ilk növbədə, Prezident Rəcəb Tayyib
Ərdoğanın adı ilə bağlıdır. Qardaş Türkiyənin dövlət baçısı özünün
şəxsində bildirdi ki, fəaliyyətində həmişə Azərbaycan xalqının və
dövlətinin milli maraqlarının müdafiəsinə çalışıb, Azərbaycanın
müstəqil siyasətini təqdir edib. Hər iki ölkənin dövlət
başçılarının qardaşlığı Türkiyə və Azərbaycan xalqlarına
örnəkdir.”

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, festivalda səsləndirildiyi kimi,
gənclər “TEKNOFEST”in keçirilməsində bir daha dünyaya türkün
gücünün göstərilməsi istəklərini ifadə edirlər: “Azərbaycan-Türkiyə
dostluğu, qardaşlığı, ötən il dünyaya səs salan Şuşa Bəyannaməsinin
imzalanması əsasında rəsmiləşən müttəfiqliyi ilə hər zaman digər
ölkələrə örnəkdir. Müstəqillik Günündə Azərbaycan və Türkiyə
prezidentlərinin bir yerdə olmaları, çoxəsrlik tariximizi birgə
vərəqləmələri, “Bir ananın iki oğlu, bir ağacın iki qolu” kimi
dəyərləndirilən Azərbaycanın və Türkiyənin inkişaf yolunu birgə
təhlil etmələri qürurverici olmaqla yanaşı, bugünümüz, gələcəyimiz
üçün bir təminatdır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi
kimi, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas
yol istiqaməti, bölgə, dünya üçün də çox önəmli təhlükəsizlik,
sabitlik amilidir. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla
addımlasalar, bölgəmizdə sülh və əmin-amanlıq bir o qədər də möhkəm
olacaq. Bütün dünya bunun İkinci Qarabağ müharibəsi zamanı bir daha
şahidi oldu. Türkiyə sonadək Azərbaycana mənəvi və siyasi dəstəyini
göstərdi. Ən əsası müharibənin ilk günündə Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır”
bəyanatı xalqımıza Vətən uğrunda həlledici savaşda əlavə güc, ruh,
inam verdi. Tarixi Zəfərimizin sevincini birlikdə yaşadıq və bu gün
də işğaldan azad edilmiş torpaqlarda bərpa-quruculuq işlərini birgə
həyata keçirir, Böyük Qayıdışa birlikdə hazırlaşırıq. “TEKNOFEST”
birliyimizin növbəti nümayişi, təzahürüdür” söyləyən dövlət
başçısı, həmçinin bildirdi ki, “TEKNOFEST” elm, inkişaf, bilik,
texnologiya bayramıdır. “TEKNOFEST”də iştirak edən gənclər bu
tarixi günü hər zaman yadda saxlayacaq. Bir neçə gün bərabər olan
Türkiyə və Azərbaycan gəncləri artıq bir ailə kimi bir-birinə yaxın
oldu və gələcəkdə də daim bir yerdə olacaqlar.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti Türkiyə Prezidenti
Rəcəb Tayyib Ərdoğanın “Bəli, bizlər kədəri də, sevinci də bir
olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq”
fikirlərinə yönəldərək bildirib ki, bu dəyərləndirmənin
həyatiliyinə əmin olmaq üçün təkcə çox da uzaq olmayan tarixə,
2020-ci ilin 27 sentyabr tarixindən bugünədək iki qardaş ölkənin
bir-birinə dəstəklərinə nəzər yetirmək kifayətdir: “Hər bir önəmli
hadisədə bir-birinin yanında olan Azərbaycan və Türkiyə liderləri
bu reallığı bir daha dünyaya nümayiş etdirirlər ki, siyasətdə əbədi
dostluq, qardaşlıq amilləri mövcuddur və bu faktor regionda,
dünyada, ölkələr arasında etimad mühitinin formalaşmasında əsas rol
oynayır. Amma dünya siyasətinə nəzər salanda bəzən bunun əksini
görürük. Xüsusilə bəzi dünya gücləri hər zaman belə bir tezisi
gündəmdə saxlamağa çalışırlar: “Siyasətdə əbədi dostlar yox, əbədi
maraqlar olur”. Azərbaycan və Türkiyə nümunəsi bu yanaşmadan fərqli
olaraq bir daha sübut edir ki, siyasətdə əbədi maraqlar hər zaman
olmaya bilər, əbədi dostlar isə həmişə var.”

Vüqar Rəhimzadə “TEKNOFEST”in Azərbaycan-Türkiyə
münasibətlərinin təqdimatında əhəmiyyətindən geniş bəhs edərək
Türkiyə Prezidentinin “Sizlərə “Can Azərbaycan” deyəndə, “Qarabağ”
deyəndə ürəyində fırtınalar qopan 85 milyonun salamını gətirdim”
fikirlərinin özündə ehtiva etdiyi bütün istəkləri də diqqətə
çatdırıb: “Qardaş ölkənin Prezidenti əllərini hər dəfə Tanrı
dərgahına açanda Azərbaycanın firavanlığı və sabitliyi üçün dua
edən Türkiyədəki qardaşlarımızın, Azərbaycan nəğmələri ilə sevinən,
Azərbaycan ağıları ilə hüznlənən milyonlarla dostumuzun salamını,
Cənubi Qafqaz bölgəsində sabitlik abidəsi olaraq yüksələn
Azərbaycan ilə həmrəyliyin xüsusi ifadəsi kimi gələcəyə Zəfər dolu
həyəcanla, coşqu ilə birgə addımlamağın anlam və mənasını
gətirdiyini bildirməklə harada yaşamasından asılı olmayaraq hər bir
azərbaycanlını, türkü qürurlandırdı, onlara daha sıx şəkildə
birləşməyə çağırış etdi. 44 günlük İkinci Qarabağ müharibəsinin
gedişi dövründə Azərbaycan-türk diaspor təşkilatlarının birgə
fəaliyyətini də yada salaq. Azərbaycanın işğal altında olan hər bir
şəhərinin, rayonunun, kənd və qəsəbəsinin azadlığa qovuşması
sevinci dünyanın müxtəlif ölkələrində böyük coşqu ilə qeyd edildi,
erməni vəhşilikləri diasporlarımız tərəfindən dünya ictimaiyyətinə
faktlarla çatdırıldı. Türkiyə Prezidentinin qarşılaşdığı bu qədər
haqsızlığa, ədalətsizliyə baxmayaraq diplomatiyada, iqtisadiyyatda,
mədəniyyətdə dastan yazan Azərbaycan ilə fəxr etdiklərini, qardaşı
İlham Əliyevin qətiyyətli liderliyi ilə Can Azərbaycanın aydın bir
gələcəyə doğru əmin addımlarla irəliləməsindən məmnunluğunu ifadə
etməsi dünyaya sarsılmaz olan bu birliyin gücünün, qüdrətinin,
inamın və etimadın nümayişi kimi dəyərləndirilir.”

“Azərbaycan -Türkiyə qardaşlığını təsdiqləyən hər bir addım,
səsləndirilən hər bir fikir, eyni zamanda, Azərbaycan torpaqlarını
30 ilə yaxın işğal altında saxlayan Ermənistana və ona havadarlıq
edən dövlətlərə ciddi mesajları özündə əks etdirir. Hər zaman
ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan və Türkiyə
təzyiqlə, təhdidlə qorxudulanlardan olmadılar, işğala və haqsızlığa
qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi
müdafiə etməkdən geri çəkilmədilər. Tarixi Zəfərimiz göstərdi ki,
bizim heç kimin torpağında gözümüz olmadığı kimi, düşmənə verəcək
bir qarış torpağımız da yoxdur və olmayacaq. Harada haqsızlıq,
ədalətsizlik varsa Azərbaycan və Türkiyə birlikdə səsini ucaldır,
məzlumların müdafiəsinə qalxır. Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanın qeyd etdiyi kimi, 44 günlük Vətən müharibəsi ağıl,
texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini
bütün dünyaya göstərdi. Amma qarşımızda qət ediləcək hələ çox
məsafə var. Hər məsələdə olduğu kimi, müdafiə sənayesində də
gənclərimizin biliklərinə, enerjisinə, əzminə, səylərinə güvənirik.
“TEKNOFEST” məhz bu güvənin rəmzi olan bir tədbirdir”,- deyə YAP
Xətai rayon təşkilatının sədri bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, ilk dəfə Müstəqillik Günü kimi
qeyd etdiyimiz 28 may tarixi özündə bir sıra mühüm məqamları
birləşdirdi. Bir daha sübut olundu ki, Dağlıq Qarabağ münaqişəsi
artıq həll olunmaqla tarixin arxivinə atılıb. Bölgədə yeni bir
səhifə açılıb. Dayanıqlı sülhün təmin olunması, etimadın və
mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi
fonunda bölgədə sabitlik də möhkəmlənəcək, gələcək üçün yeni
əməkdaşlıq formatlarının təməli də qoyulacaq. Azərbaycan və Türkiyə
bütün bu hədəflərin mərkəzində olaraq onların reallığa
çevrilməsində öz sözlərini qətiyyətlə deyirlər.

Teqlər: