Vəkillərin elektron məktub göndərə bilməməsi vaxt itkisinə səbəb olur – Anar Bağırov

Azərbaycanda vəkillərin elektron məktub göndərə bilməməsi vaxt
itkisinə səbəb olur.

AzerTimes-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının İdarə
Heyətinin sədri Anar Bağırov bu gün keçirilən “CCBE”-ə üzvlüyə
qəbulla bağlı ictimai təqdimat zamanı deyib.

O bildirib ki, problemin aradan qaldırılması üçün ciddi vəsait
tələb edilir:

“Bu gün vəkillər elektron məktub göndərə bilmirlər. Bu bizim
üçün çox böyük vaxt itkisidir. Çünki məktub yazıb verirlər poçta,
prosedur qaydası da vaxt alır.

Biz öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Lakin bizim
fəaliyyətimizə dövlət qurumları da, cəmiyyət də dəstək olmalıdır.
Vəkilliyin gücləndirilməsi birinci növbədə dövlətə lazımdır.
Elektron məktub göndərilməsi bizim vaxt qazanmağımız deməkdir.
Bununla bağlı mən şəxsən bir sıra aidiyyəti qurumlarla danışıqlar
aparıram. Lakin bu tək bizim səlahiyyətlərimiz çərçivəsində deyil”,
– Kollegiya sədri deyib.

A.Bağırov bildirib ki, rayonlarda vəkillərin fəaliyyətinin
yaxşılaşdırılması, sayının artırılması üçün tədbirlər
görülməlidir.

“Regionlarda vətəndaşa keyfiyyətsiz hüquqi yardım göstəriləndə
vətəndaş şikayət etməyə başlayır. Bu kimi halların qarşısının
alınması üçün biz mütəmadi problemləri müzakirə edirik, həll
yollarını axtarırıq”, – A.Bağırov qeyd edib.

Teqlər: