İraqda cəzaçəkmə müəssisəsində saxlanılan 2 uşaq Azərbaycana gətirilib – XİN

Mayın 25-də İraq Respublikasının cəzaçəkmə müəssisəsində
saxlanılan və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti
müəyyən edilmiş 2 uşağın Bağdad-İstanbul-Bakı marşrutu ilə ölkyə
repatriasiyası həyata keçirilib.

Xarici işlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyd olunan
şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti
tərəfindən həyata keçirilmiş əlaqələndirilmiş və mərhələli
tədbirlər nəticəsində mümkün olub. Belə ki, ilk növbədə onların
Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.
Bundan sonra Azərbaycan Respublikasının İraq Respublikasındakı
Səfirliyi tərəfindən onların Azərbaycan Respublikasına
repatriasiyası təşkil edilib, o cümlədən uşaqlar Azərbaycan
Respublikasına qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin
ediliblər. Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulluğu
tərəfindən sözügedən şəxslərin hava limanında sürətli keçidi təmin
olunub.

Azərbaycan Respublikasına gəldikdən sonra repatriantlar zəruri
tibbi yoxlamadan keçirilib, reinteqrasiyası və reabilitasiyası üçün
müvafiq müəssisədə yerləşdiriliblər. Müvafiq prosedurlar
tamamlandıqdan sonra onların yaxınlarına təhvil verilməsi nəzərdə
tutulur.

Qeyd etmək lazımdır ki, dövlətimizin öz vətəndaşına qayğısının
bariz nümunəsi olan repatriasiya prosesi bu qəbildən olan növbəti
humanist addımdır. Belə ki, bu günə qədər 288 uşaq və 2 qadın
olmaqla, İraqdan ölkəmizə repatriasiya olunmuş Azərbaycan
vətəndaşlarının sayı ümumilikdə 290 nəfərə çatıb.

Teqlər: