Kolleclərə qəbulla bağlı qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat başlayıb

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili
müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ)
qəbulla bağlı qabiliyyət imtahanlarında iştirak etmək üçün
qeydiyyat başlayıb.

Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə ki, 2022/2023-cü
tədris ili üçün orta ixtisas təhsili müəssisələrinin xüsusi
qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən
abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün 25
may-3 iyun tarixlərində qeydiyyatdan keçməlidirlər.

Qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat linki:
https://www.e-gov.az/az/services/read/3148/0?tqdk_xdm=72

Bildirilib ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 30
aprel, 1 və 15 may tarixlərində imtahan verən abituriyentlərin
imtahan nəticələri elan olunduqdan sonra qabiliyyət tələb edən
ixtisaslara qəbul olmaq istəyənlər də qeydiyyatdan keçə
biləcəklər.

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin
XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən
abituriyentlər yalnız 1 istiqamətə aid ən çoxu 6 komissiya üzrə
qeydiyyatdan keçə bilərlər.

12 iyun 2022-ci il tarixində keçiriləcək Azərbaycan dili (dövlət
dili kimi) imtahanında iştirak edəcək abituriyentlər də qabiliyyət
imtahanında iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.

Xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqəsinə ümumi
balı 50-dən az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq
edilmir) və müvafiq komissiya tərəfindən keçirilən qabiliyyət
imtahanlarından “məqbul” alan abituriyentlər buraxılırlar.
“Xoreoqrafiya sənəti” və “Rəqs müəllimliyi” ixtisaslarının
müsabiqəsində isə ümumi balı 30-dan (fənlər üzrə bal məhdudiyyəti
tətbiq edilmir) az olmayan abituriyentlər iştirak edə bilərlər. Bu
barədə ətraflı məlumatı “Abituriyent” jurnalının xüsusi buraxılışı
olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci sayından əldə
edə bilərsiniz.

Müsabiqə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı
ümumi bal əsasında aparılır.

Qeyd olunub ki, ötən il buraxılış imtahanlarında iştirak edib
müsabiqə şərtini ödəyən abituriyentlər də qeydiyyatdan keçə
bilərlər.

Musiqi sənəti istiqamətinin komissiyaları üzrə qeydiyyatdan
keçmək istəyən abituriyentlər (223, 224, 227, 323, 324, 327, 423,
424, 623, 627, 624 və 723-cü komissiyalar istisna olmaqla) ən azı 5
illik musiqi təhsili haqqında sənədə malik olmalıdırlar.
Abituriyentlərin musiqi təhsili haqqında məlumatı (təhsil haqqında
sənədin seriya və nömrəsi, bitirdiyi təhsil müəssisəsinin adı,
bitirdiyi ixtisas və ya təhsil aldığı musiqi aləti) DİM tərəfindən
yaradılan “Musiqi məktəbi-məzun” və ya “Tələbə-məzun” Dövlət
Elektron Məlumat Sistemindən götürülür. Əgər abituriyent haqqında
məlumat bu sistemdə yoxdursa, həmin abituriyent musiqi ixtisası
üzrə bitirdiyi təhsil müəssisəsinə və ya DİM-ə müraciət
etməlidir.

Musiqi üzrə xaricdə təhsil almış vətəndaşlar DİM-ə müraciət
etməlidirlər. Bunun üçün həmin abituriyentlər musiqi təhsili
haqqında sənədin əslini və surətini, şəxsiyyəti təsdiq edən sənədi
DİM-ə şəxsən təqdim etməlidirlər.

Qeydiyyatdan keçmək üçün abituri­yent şəxsi kabine­ti­­nin
istifadəçi adı və parolundan istifadə etməli və tələb olunan
məbləği (qeydiyyatdan keçmək istədiyi komissi­ya­ların sayından
asılı olaraq) şəxsi kabinetindəki hesabı­na əlavə etməlidir. “Azər­baycan Respublikasında ali və orta ixtisas təhsili
müəssisələrinə tələbə qəbulu imtahan­larının təşki­linin
tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haq­qında” Azərbaycan
Respublikası Prezidenti­nin Sərən­­­­ca­mı­na əsasən, ali təhsil
müəssisələrinə tələbə qəbu­lu ilə bağlı imtahanda iştirak üçün ilk
dəfə müra­ci­ət edən Azərbaycan Respublika­sı­nın vətəndaş­larının
(ümumi təhsil müəssisələrini bitirən) cari ildə ilk seçdiyi
(qeydiyyatdan keçdiyi) komissiya üzrə qabiliyyət imtahanında
iştirakı dövlət büdcəsinin vəsaiti hesabına (pulsuz) olacaq.

Müsabiqədə iştirak ödənişlidir. Lakin “Azərbaycan
Respub­lika­sında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə
qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
Sərəncamına dəyişikliyə əsasən aşağıdakı 5 kateqoriyadan olan
Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil
müəssisələrini bitirən) qəbul imtahanlarında (bütün mərhələ və
cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata
keçirilir:

– Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin
və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən
edilmiş şəxslərin uşaqları;

– şəhid ailəsinin üzvləri;

– valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqlar;

– məcburi köçkün statusu olan şəxslər;

– I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən
sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.

Teqlər: