Vəkillər FHN hospitalının həbsdə olan sabiq baş həkiminə bəraət istədi

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin
(FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının sabiq baş həkimi
İmran Ağayev, müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə,
Taleh İmanlı və Qulu Orucovun cinayət işi üzrə məhkəmə prosesi
davam edib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxs İmran Ağayevin vəkili
çıxış edib.

Müdafiəçi bildirib ki, İmran Ağayevin cinayətdə günahı sübuta
yetirilməyib.

“İmran Ağayevin rəhbərlik etdiyi dövrdə xəstəxanada 9 min “Covid-19″ xəstəsi sağalıb və ailəsinə təhvil verilib. İstər orda
müalicə almış xəstələr, istər ictimai xadimlər aidiyyəti qurumlara
müraciət edərək İmran Ağayevin azadlığa buraxılmasını xahiş
ediblər. Məhkəmə istintaqında da İmran Ağayevin günahı sübuta
yetirilməyib. Ona görə də məhkəmədən xahiş edirik ki, İmran Ağayev
barədə bəraət hökmü çıxarılsın”, – deyə vəkil bildirib.

Vəkil qeyd edib ki, məhkəmə istintaqında dindirilən şəxslər də
İmran Ağayevə pul vermədiklərini, onu tanımadıqlarını
bildiriblər.

Digər təqsirləndirilən şəxslərin də vəkilləri müdafiə
çıxışlarında müvəkkillərinə bəraət istəyib.

Prosesdə təqsirləndirilən şəxslərə son söz verilib.

Onlar son sözündə özlərini ittihamlarla təqsirli bilməyib və
məhkəmədən bəraət istəyiblər.


Prosesdə İmran Ağayevə son söz verilsə də, o bildirib ki,
səhhətində problem yarandığı üçün çıxışa hazır deyil: “3-4 gündü
özümü pis hiss edirəm. Bu gün də eləyəm. Xahiş edirəm növbəti
prosesdə son söz deməyimə şərait yaradasınız”.

Proses martın 11-də davam etdiriləcək.

Xatırladaq ki, dövlət ittihamçısı ötən prosesdə İmran Ağayevin 9
il, Rüfət Vəlizadənin 8 il 6 ay, Taleh İmanlının 8 il, Qulu
Orucovun isə 6 il azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, istintaq zamanı İmran Ağayevin həmin vəzifədə
işləyərkən müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh
İmanlı və Qulu Orucov ilə qabaqcadan əlbir olaraq hospitalın “VİP
korpus”larına yerləşdirilərək daha yüksək səviyyəli tibbi və sair
təminatla təchiz edilməsi müqabilində 6 nəfər şəxsdən ümumilikdə 10
min 500 manat pul vəsaitini almasına, həmçinin yenidən əmək
müqaviləsinin bağlanması yolu ilə həmin müəssisədə fəaliyyətlərini
davam etdirmələrinə görə hospitalın ayrı-ayrı əməkdaşlarından cəmi
5 min manat məbləğində pul vəsaitini rüşvət qismində istəməsinə
əsaslı şübhələr müəyyən edilib.

İmran Ağayevin fasiləsiz şəkildə müəssisəyə qəbul olunmalarına
dair görüntü yaratmaqla COVID-19 pandemiyasından əziyyət çəkən 140
nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style”
MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri vasitəsi ilə Modul
Tipli Hospitala aparılması müqabilində həmin şəxslərdən xidmət
haqqı qismində ümumilikdə cəmi 51 min 600 manat məbləğdə pul
vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib.

Həmçinin, İmran Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19
test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin
vəzifəli şəxsi) mütəmadi olaraq sərbəst şəkildə tibb müəssisəsinin
inzibati binasını tərk edərək sərbəst şəraitdə hərəkət etməsinə
şərait yaratmasına, həmin hərəkətləri ilə epidemiya əleyhinə,
sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozaraq
xəstəliyin yayılması ilə bağlı ağır nəticələrə səbəb olan real
təhlükə yaratmasına əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanan sübutlar əsasında İmran Ağayev və digərlərinə
müvafiq olaraq Cinayət Məcəlləsinin 139-1.2 (epidemiya əleyhinə
rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması
ağır nəticələrə səbəb olduqda), 308.2 (vəzifə səlahiyyətlərindən
sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2
(rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar
törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.

Teqlər: