MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan elmi konfrans keçirilib (FOTO)

2022-ci ilin 4-5 may tarixlərində Mingəçevir Dövlət
Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin anadan olmasının 99-ci ildönümünə həsr olunan “Heydər
Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans
keçirilib.

Universitetdən AzerTimes-a verilən məlumata görə, konfransdan əvvəl,
MDU-nun əsas tədris korpusunda Heydər Əliyevin büstünün qarşısına
gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla
yad edilib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən
konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə
və magistrantları iştirak ediblər.

Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov,
ulu öndər Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız
tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə
anıldığını bildirib və Allahdan ona rəhmət diləyib.

Sonra, rektor Ş.Bayramov “Heydər Əliyev müasir Azərbaycanın
memarı və qurucusudur” mövzusunda məruzəsi ilə konfransın plenar
iclasında çıxışına davam edib. Ümummilli Liderin bütün həyatını
canından çox sevdiyi Azərbaycanın rifahına və davamlı inkişafına
həsr etdiyini qeyd edən rektor, hakimiyyətdə olduğu hər iki dövrdə
Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf
strategiyasından və misilsiz xidmətlərindən bəhs edib. Vurğulayıb
ki, əbədiyaşar liderin söylədiyi kimi, “İnanıram ki, müstəqil
Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş
inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”
fikri məhz onun böyük uzaqgörənliyindən və çoxşaxəli fəaliyyətinin
nəticələrinə olan əminliyindən irəli gəlirdi. Dahi şəxsiyyətin həm
sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq
missiyasının öhdəsindən böyük məharətlə gələrək adını Azərbaycan
tarixinə qızıl hərflərlə yazdığını deyən Ş.Bayramov, məhz Heydər
Əliyev dühası sayəsində Azərbaycanın müstəqilliyinin əbədi və
dönməz xarakter aldığını, ölkəmizin beynəlxalq münasibətlər
sisteminin əsas aktorlarından birinə çevrildiyini bildirib.

Ulu Öndərin müəyyən etdiyi siyasi kursun hazırda onun layiqli
siyasi varisi Möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsindən danışan Ş.Bayramov, Azərbaycanın müasir
dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu
və yeni geosiyasi reallıqlar yaradan ölkəyə çevrildiyini söyləyib.
Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan
Əsgərinin şücaəti sayəsində tarixi Zəfərə imza atılması ilə
Ümummilli Liderin ən vacib vəsiyyətinin həyata keçdiyini vurğulayan
rektor, bu gün ərazi bütövlüyü bərpa edilmiş müstəqil ölkənin
vətəndaşı olmaqdan hər birimizin sonsuz qürur hissi keçirdiyini
qeyd edib.

Ali təhsil müəssisəsi olaraq MDU-da dahi şəxsiyyətin zəngin
irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verildiyini diqqətə
çatdıran Ş.Bayramov, bu baxımdan elmi-nəzəri konfransın
əhəmiyyətindən söhbət açıb. Həm plenar, həm də bölmə iclaslarında
Ulu Öndərin titanik fəaliyyətinin müxtəlif istiqamətlərinə dair
məruzələrin təqdim ediləcəyi barədə məlumat verən rektor, konfransa
11 ali təhsil müəssisəsi, 6 elmi-tədqiqat institutu olmaqla,
bütövlükdə 22 fərqli təşkilatdan 116 məqalə və tezisin daxil
olduğunu bildirib. Tədbirin təşkilində dəstəyi və əməyi olanlara
minnətdarlığını ifadə edən Ş.Bayramov, konfransın işinə uğurlar
arzulayıb.

“Heydər Əliyevin zəngin irsi Azərbaycan xalqı üçün əbədi
örnəkdir” mövzusunda çıxış edən Mingəçevir şəhər İcra
Hakimiyyətinin başçısı İlham İsmayılov, ölkəmizin müstəqilliyi və
inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, milli
maraqlarımıza uyğun olaraq tarixi proseslərə təsir göstərmiş dahi
şəxsiyyət Heydər Əliyevin hər zaman qürur hissi ilə xatırlandığını
qeyd edib. Ümummilli Liderin taleyüklü məsələləri həll etməsi ilə
yanaşı, tarixi yaradan şəxsiyyət olduğunu bildirən icra başçısı,
Heydər Əliyev siyasətinin Azərbaycanı qurtuluşdan tərəqqiyə,
tərəqqidən zəfərə aparan möhtəşəm nailiyyətlərin əsasını təşkil
etdiyini vurğulayıb.

Görkəmli dövlət xadimi Heydər Əliyevin nəhəng fəaliyyətinin çox
böyük dövlətçilik salnaməsi olaraq dəyərləndirildiyini bildirən
İ.İsmayılov, Ulu Öndərin ideyaları və zəngin irsi əsasında inkişaf
yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan
dövlətinin hazırda tarixinin ən qüdrətli dövrünü yaşadığını deyib.
Ümummilli Liderin layiqli siyasi davamçısı Möhtərəm Prezident İlham
Əliyev tərəfindən zamanın tələblərinə və dövrün ictimai-siyasi
qanunauyğunluqlarına müvafiq surətdə həyata keçirilən məqsədyönlü,
ardıcıl və sistemli tədbirlər nəticəsində əldə edilən böyük
uğurlardan bəhs edən icra başçısı, hazırda dünyada milli tərəqqinin
Azərbaycan nümunəsi fenomeninin qəbul edildiyini qeyd edib.

“Heydər Əliyev: xatirələrdə əbədi yaşayan tarixi şəxsiyyət”
mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar
Şurasının üzvü Adilə Abasova Azərbaycan dövlətinin memarı, tarixi
şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilən
Dünya Azərbaycanlılarının I Qurultayını xatırladıb. Qurultayda
iştirak etməkdən böyük fəxr və qürur hissi keçirdiyini deyən
A.Abasova sözügedən tədbirdə Ulu Öndərin tarixi çıxışının
yaddaşlara əbədi həkk olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli
Liderin dillər əzbəri olan “Hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm
ki, mən azərbaycanlıyam” məşhur kəlamı onun azərbaycançılığa və
milli-mənəvi dəyərlərə yüksək həssaslığından və güclü bağlılığından
xəbər verir.

Eyni zamanda, yaxın günlərdə Şuşada keçirilmiş Dünya
Azərbaycanlılarının V Qurultayına diqqəti çəkən A.Abasova Ulu
Öndərin və onun layiqli siyasi varisi möhtərəm Prezident İlham
Əliyevin hər zaman çıxışlarında torpaqlarımızın işğaldan azad
edilməsi və doğma Qarabağa qayıdışla bağlı səsləndirdikləri
mesajların tarixi Zəfərin qazanılması ilə reallığa çevrildiyini
bildirib və bu gün Ümummilli Liderin ruhunun şad olduğuna
əminliyini ifadə edib. Ölkə başçısının təşəbbüsü ilə Şuşada Zəfər
Qurultayı adı altında belə mötəbər tədbirin keçirilməsinin tarixi
əhəmiyyətindən bəhs edən A.Abasova dövlətimizin uğurlu və firavan
gələcəyə doğru etibarlı və qətiyyətli şəkildə irəlilədiyini
söyləyib.

“Heydər Əliyev: elm və təhsilimizin böyük himayədarı” mövzusunda
çıxış edən Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü
Ceyhun Məmmədov Ümummilli Liderin XX əsrin Azərbaycan xalqına bəxş
etdiyi ən böyük tarixi şəxsiyyətlərdən olduğunu qeyd edib və illər
keçsə də, onun ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz
xidmətlərin heç zaman unudulmayacağını bildirib.

Azərbaycanın inkişaf etdirilməsinin, xalqın tükənməz
potensialının üzə çıxarılmasının Heydər Əliyevin ən böyük
amallarından olduğunu vurğulayan millət vəkili Ulu Öndərin bütün
fəaliyyəti dövründə elm və təhsilin inkişafına verdiyi xüsusi
önəmdən, göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Qeyd edib
ki, dahi şəxsiyyət Azərbaycanın tərəqqisinin əsas yolunu gənclərin
yüksək təhsil almasında və əhalinin maariflənməsində görürdü. Məhz
buna görə də, respublikada iqtisadi bazanın gücləndirilməsinin elm
və təhsilin inkişafı ilə paralel həyata keçirildiyini diqqətə
çatdıran C.Məmmədov Heydər Əliyevin rəhbərlik illərinin Azərbaycan
tarixinə elm və təhsilin tərəqqisi dövrü kimi daxil olduğunu qeyd
edib. Ulu Öndərin banisi olduğu milli dövlətçilik strategiyasının
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs
edən millət vəkili son dövrdə ölkəmizdə insan kapitalının inkişafı
istiqamətində həyata keçirilən islahatlar və əldə olunan mühüm
nəticələr barədə danışıb.

“Azərbaycanın türk dünyasına qovuşmasında Ulu Öndərin misilsiz
xidmətləri” mövzusunda çıxış edən Milli Məclisin deputatı, YAP
İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğlu Ümummilli Liderin böyük
uzaqgörənliklə formalaşdırdığı və uğurla reallaşdırdığı xarici
siyasət kursundan bəhs edib. Heydər Əliyevin Türk və İslam dünyası
ilə münasibətlərə böyük önəm verdiyini diqqətə çatdıran millət
vəkili hazırda bu coğrafiyanı əhatə edən ölkələrlə əməkdaşlıq
əlaqələrinin yüksək səviyyədə inkişafı sayəsində böyük diplomatik
uğurların əldə edildiyini bildirib.

Məhz Ulu Öndərin strateji baxışları sayəsində türk və islam
ökələri ilə əməkdaşlığın inkişafında xüsusi dinamikanın və sıx
təmasların müşahidə edilməyə başlandığını deyən E.Mirbəşir oğlu
hazırda strateji müttəfiqlik səviyyəsinə yüksələn qardaş Türkiyə
ilə əlaqələrin ölkəmizin hərtərəfli inkişafına verdiyi mühüm
töhfələrdən danışıb. Vurğulayıb ki, hazırda Ümummilli Liderin bütün
istiqamətlərdə konseptual baxışlarını müasir dövrün tələblərinə
uyğun zənginləşdirən Prezident İlham Əliyev xarici siyasət kursunu
uğurla davam etdirir və bu sahədə möhtəşəm uğurlara imza atır.

“Heydər Əliyev: qlobal siyasət nəhəngi” mövzusunda çıxış edən
YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşır Yusibov əbədiyaşar
lider Heydər Əliyevin memarı olduğu müstəqil və müasir Azərbaycan
dövlətçiliyinin siyasi, ideoloji və iqtisadi əsaslarını
yaratmasından bəhs edib. Məhz Heydər Əliyevin dönməz əqidəsi,
uzaqgörən və qətiyyətli siyasəti sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdiyini və xalqımızın müstəqillik arzusuna
qovuşduğunu deyən C.Yusibov Ulu Öndərin təkcə Azərbaycanın deyil,
bütövlükdə müsəlman-türk dünyasının görkəmli öndərlərindən biri
kimi qəbul edildiyini vurğulayıb.

Qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin təntənəsi
olduğunu vurğulayan şəhər partiya təşkilatının sədri hazırda muasir
dövrün reallıqlarına uyğun yeni keyfiyyət müstəvisində Azərbaycan
tarixinin şanlı və qürurlu səhifələrinin yazılmaqda davam etdiyini
bildirib. Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsinin və
təbliğinin vacibliyindən söz açan C.Yusubov universitetdə tarixi
şəxsiyyətə həsr olunan konfransın keçirilməsinin ənənəyə
çevrildiyini yüksək dəyərləndirib və təşkilatçılara təşəkkürünü
bildirib.

MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünə həsr olunan silsiləvi tədbirlər çərçivəsində keçirilən
elmi konfrans öz işini mayın 5-də bölmə iclasları ilə davam
etdirəcək.

Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı
tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin
zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği
universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli,
vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə
verir.

Teqlər: