Unibank birinci rübün maliyyə nəticələrini açıqlayıb

“Unibank” KB ASC 2022-ci ilin birinci rübü üzrə əsas maliyyə
göstəricilərini açıqlayıb. 31 mart 2022-ci il tarixinə Bankın
əməliyyat mənfəəti 3,7 milyon manat təşkil edib. Rüb ərzində
qazanılmış faiz gəlirləri 37 milyon manatı ötüb, qeyri-faiz
gəlirləri isə 11 milyon manata çatıb. Bununla da Bankın qeyri-faiz
gəlirləri ötən ilin uyğun dövrü ilə müqayisədə 50%, faiz gəlirləri
isə 44% artıb.

Bankın dinamik inkişafı əsas maliyyə göstəricilərinin artımında
da özünü göstərib. Maliyyə nəticələrinə əsasən, birinci rübdə
“Unibank”ın aktivlərinın həcmində 36 milyon manat artım qeydə
alınıb. Bununla da hesabat dövrünə bankın cəmi aktivləri 1 milyard
75 milyon manat təşkil edib. Hesabat dövründə Bankın məcmu kapitalı
102 milyon manat olub.

2022-ci ilin ilk rübü ərzində Bank ölkə iqtisadiyyatının maliyyə
vəsaiti ilə təminatında aktiv iştirakını davam etdirib. Hər zaman
olduğu kimi bu il də biznesin kreditləşməsi Unibank üçün
prioritetlər sırasında olub. Ötən dövrdə xüsusən biznesin
kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik,
orta sahibkarlığa verilən kreditlərin həcmi ötən ilin müvafiq dövrü
ilə müqayisədə bu rüb 47% artıb. Rüb ərzində biznes sektoruna
ayrılmış kreditlərin məbləği 64 milyon manat təşkil edib. Təkcə
dövlət fondları hesabına maliyyələşən kreditlərin həcmi 2021-ci
ilin eyni dövrü ilə müqayisədə 6% artaraq 1,2 milyon manat
olub.

Ötən rüb ərzində “Unibank”ın depozit portfeli də xeyli böyüyüb.
Müddətli depozitlər ilk rübdə 11 milyon manat artaraq, 31 mart
2022-ci il tarixinə 470 milyon manat təşkil edib.

Ölkədə nağdsız ödənişlərin və elektron ticarətin inkişafına daim
dəstək verən Unibank, bu sahəyə öz töhfəsini verib. 2022-ci ilin
ilk rübü ərzində dövriyyədə olan plastik kartların sayı
nəzərəçarpacaq dərəcədə artıb. 2021-ci ilin sonu ilə müqayisədə bu
ilin birinci rübünün sonunda təkcə Visa və Mastercard debet
kartları 46 % artaraq 770 mini keçib.

Ötən ilik ilk 3 ayına nəzərən, Unibank kartları ilə nağdsız
dövriyyə bu ilin ilk 3 ayında 3 dəfədən çox artıb. Belə ki, ötən
ilin ilk 3 ayında nağdsız dövriyyə 92,4 milyon manat olduğu halda
bu ilin eyni dövründə 338,3 milyon manat təşkil edib.

Ölkə əhalisinə məsafədən bank xidmətinin göstərilməsini daha da
zəruri edən bir dövrdə “Unibank”ın UBank tətbiqinin
istifadəçilərinin sayı da artmaqdadır. İlin sonunda UBank mobil
əlavəsinin istifadəçi sayı 1,4 milyona çatıb. Ötən ilin uyğun dövrü
ilə müqayisədə bu ilin birinci rübündə mobil tətbiq vasitəsilə
aparılan əməliyyatların həcmi 2 dəfə artıb.

Unibank-Sənin Bankın!

Teqlər: