UNEC-də “Xocalı qan yaddaşımızdır!” adlı beynəlxalq tədbir keçirilib (FOTO)

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Xocalı
faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Xocalı qan
yaddaşımızdır!” adlı beynəlxalq tədbir keçirilib.

Tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla
yad edilib, sonra Xocalı soyqırımına həsr olunan videoçarx nümayiş
olunub.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, professor Anar
İsgəndərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş
Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa,
bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırım cinayətlərindən biri
olduğunu vurğulayıb. Bu soyqırımın Azərbaycan tarixinin ən dəhşətli
və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi
həkk olunduğunu deyən millət vəkili, 44 günlük Vətən müharibəsində
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli
rəhbərliyi ilə müzəffər ordumuzun Xocalı qurbanlarının qisasını
aldığını, onların qanının yerdə qalmadığını diqqətə çatdırıb.
Torpaqlarımızın düşmən tapdağından azad olunaraq, 30 illik işğala
və həsrətə son qoyulduğu bildirib.

Sonra tədbirə onlayn olaraq qoşulan İsrailin Holon Texnologiya
İnstitutunun Kiber şöbəsinin rəhbəri Harel Menashri, kiber
təhlükəsizlikdən və universitetlərdə bu ixtisasın tədrisinin
vacibliyindən danışıb.

Tədbirdə çıxış edən Türkiyənin Bursa Uludağ Universitetinin
professoru Barış Özdal, Rusiya Siyasi Araşdırmalar İnstitutunun
direktoru, ictimai xadim, politoloq Sergey Markov, Qırğıstan
Beynəlxalq Universitetinin prorektoru dosent Baatirbek Akilbekov,
Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin professoru
Niginahon Şermuxamedova Xocalı soyqırımının Ermənistanın düşünülmüş
siyasətinin tərkib hissəsi olduğunu bildirərək, bu soyqırımı
azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və hərbi cinayət
kimi qiymətləndiriblər. Xocalı soyqırımının dünya ictimaiyyətinə
çatdırılmasının və hüquqi-siyasi qiymətini almasının əhəmiyyətini
vurğulayıblar.


Əslən Xocalıdan olan UNEC tələbəsi Fədayə Cavadzadə Xocalı
faciəsində ailəsinə, yaxınlarına qarşı törədilən vəhşiliklərdən
danışaraq, həmin günlərin xalqımızın qan yaddaşında silinməz izlər
qoyduğunu və heç zaman unudulmayacağını bildirib.

Çıxışlardan sonra UNEC məzunu Yusif Cəfərbəylinin ifasında
“Xocalı lay-lay” musiqisi iştirakçılara duyğulu anlar yaşadıb.

Tədbir çərçivəsində UNEC Dizayn Məktəbinin tələbələrinin
Xocalıya həsr olunan rəsm əsərləri də nümayiş olunub.

Teqlər: