Ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibətilə tədbir keçirilib (FOTO)

Xalqımızın Ulu öndəri, dünya şöhrətli siyasi xadim Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü və Heydər Əliyev
Mərkəzinin fəaliyyətə başlamasının on illiyi münasibətilə tədbir
keçirilib.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) kollektivinin
üzvlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzində təşkil edilmiş
interaktiv tədbirdə Azərbaycan tarixində müstəsna xidmətləri ilə
əbədilik qazanmış ümummilli liderin mənalı həyat yolu, çoxşaxəli
siyasi irsindən bəhs edilib. Kollektiv üzvləri Mərkəzdə dahi
liderin həyat və fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən
məlumatlar, maraqlı faktlar, foto və video materiallar və digər
unikal eksponatlarla tanış olublar. Mərkəzin əməkdaşları tərəfindən
ulu öndərin müstəqil Azərbaycanın quruculuğunda göstərdiyi misilsiz
fədakarlıq, eləcə də Sovet dönəmində onun rəhbərliyi ilə həyata
keçirilən siyasi fəaliyyətdən bəhs edilib. Müasir Azərbaycanın
mürəkkəb və taleyüklü dövründə dövlətə rəhbərlik missiyasını öz
üzərinə götürən Heydər Əliyevin xilaskarlıq missiyasını şərəflə
yerinə yetirməklə, nəinki xalqımızın ən parlaq siması kimi, eləcə
də dünya siyasi elitasının görkəmli şəxsiyyətlərindən biri qismində
tarixdə silinməz iz qoyduğu qeyd edilib.

Daha sonra Ümummilli liderin azərbaycançılıq fəlsəfəsinin
təbliği, gələcəkdə Azərbaycan vətəndaşlarının dünyada gedən müasir
proseslər çərçivəsində ölkəmizlə bağlı genişmiqyaslı layihələrdə
iştirakının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edən
Heydər Əliyev Mərkəzinin 10 illik fəaliyyəti barədə bəhs edilib.
Azərbaycanın müasir reallıqlarını əks etdirən, qeyri-adi, mürəkkəb
quruluşlu binası ilə paytaxtımızın çağdaş simvollarından birinə
çevrilən Mərkəzin fəaliyyətə başlamasının ölkəmizin ictimai-siyasi
həyatında mühüm hadisəyə çevrildiyi, bu mədəniyyət ocağının
yaradılmasının Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə
həyata keçirilən tədbirlərin miqyasını və əhəmiyyətini göstərdiyi
qeyd edilib. Tədbirdə “AzerGold” QSC tərəfindən 2018-ci ildə
istehsal edilən, yerli qızıl və gümüşdən hazırlanmış birinci sikkə
kolleksiyasiyasının üzərində Azərbaycanın dinamik inkişafını,
keçmişdən gələcəyə bağlılığını təcəssüm edən Heydər Əliyev
Mərkəzinin dizaynının əks olunduğu vurğulanıb.

Tədbir Mərkəzin sərgi salonlarının ziyarəti ilə yekunlaşıb.

Teqlər: