UFAZ-da Fransa səfirliyi, ADNSU və Strasburq universiteti arasında əməkdaşlıq sazişi imzalanıb (FOTO)

Aprelin 21-də Azərbycan Dövlət Neft və Sənaye Universitetinin
(ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız
Universitetinin (UFAZ) Rəhbər Komitəsinin 10-cu iclası
keçirilib.

İclasdan öncə görüş iştirakçıları – Azərbaycan Respublikası
Təhsil nazirinin müavini Muxtar Məmmədov, Fransanın Azərbaycandakı
səfiri Zakari Qross ADNSU-nun rektoru, professor Mustafa Babanlı,
Strasburq Universitetinin Prezidenti Mişel Deneken, Təhsil
nazirliyinin Elm və Ali təhsil şöbəsinin müdiri Yaqub Piriyev,
Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Strasburq Universitetinin
Akademik tərəfdaşlıq üzrə vitse-prezidenti və UFAZ-ın koordinatoru
Jan-Mark Planeks, həmçinin UFAZ-ın İcraçı direktoru, dosent Vazeh
Əskərov, Baş katibi Elizaveta Bydanova, Strasburq Universitetinin
professoru və UFAZ-ın Tədqiqat Departamentinin rəhbəri Filip Turek
və Tədris departamentinin rəhbəri Lətifə Nəsibova UFAZ-da yeni
açılacaq Frankofon Karyera Mərkəzində olub. Burada onlara mərkəz
haqqında ətraflı məlumat verilib.

Sonra ADNSU, Strasburq Universiteti və Fransa səfirliyi arasında
Doktoronatura pilləsində təhsil alan tələbələrə Fransa hökumətinin
təqaüdlərinin verilməsi ilə bağlı əməkdaşlıq sazişi imzalanıb.

UFAZ-ın İcraçı direktoru Vazeh Əskərov və baş katib Elizaveta
Bydanova bu sazişin universitet üçün yeni başlanğıc olduğunu qeyd
ediblər.

Mərasimdə çıxış edən səfir Zakari Qross bu sənədin UFAZ
tələbələri üçün və Azərbaycan ilə Fransa arasında tədqiqat
sahəsində yeni imkanlar açacağını bildirib.

UFAZ-ın Tədqiqat Departamentinin rəhbəri professor Filip Turek
sazişi ADNSU və Strasburq universtietlərinin birgə rəhbərliyi
altında UFAZ tələbələrinin doktorantura pilləsində təhsil alması
üçün mühüm bir başlanğıc hesab edib və bunun sayəsində tələbələrin
hər iki ölkədə tədqiqat aparmaq imkanı əldə edəcəklərini qeyd
edib.

ADNSU-nun rektoru, professor M.Babanlı Fransa səfirliyinin
maliyyə dəstəyi ilə reallaşdırılacaq müqavilənin əhəmiyyətindən
danışıb və bu sazişin sayəsində tədqiqatçı alimlərin hazırlanması
istiqamətində mühüm addımlar atılacağına ümidvar olduğunu
deyib.

İmzalanma mərasimindən sonra baş tutan UFAZ Rəhbər Komitəsinin
10-cu iclasında 2022/2023 tədris ili ilə bağlı perspektivdə duran
məsələlər, dərslərin təşkili, eləcə də UFAZ-ın istehsalat
təcrübəsinin nəticələri haqqında müzakirələr aparılıb. Görüşdə
2022-ci ildə UFAZ-da bakalavr təhsilini başa vuran və magistratura
pilləsində təhsil alan tələbələrin son statistik nəticələri, habelə
tədqiqat sahəsində görüləcək tədbirlər barədə fikir mübadiləsi
aparılıb.

Qeyd edək ki, UFAZ-ın Rəhbər komitəsi UFAZ-ın bütün strateji və
operativ məsələlərini müzakirə etmək üçün ildə iki dəfə Bakıda və
Strasburqda toplanır. Komitə UFAZ ilə əlaqəli məsələləri nəzərdən
keçirmək və həll etmək səlahiyyətinə malik olan UFAZ-ın ən yüksək
idarəetmə orqanıdır.

Teqlər: