Beynəlxalq maliyyə qurumlarının Azərbaycan iqtisadiyyatında dinamik inkişafa dair yeni proqnozları necədir?

Rusiya-Ukrayna müharibəsinin dünya iqtisadiyyatına mənfi
təsirini davam etdirir. Elə bundan irəli gəlir ki, dünya
iqtisadiyyatının sonrakı inkişaf perspektivləri ilə bağlı
beynəlxalq təşkilatların yenilənmiş proqnozları əvvəlkilərdən
əhəmiyyətli dərəcədə fərqlənir.

Beynəlxalq maliyyə qurumları bildirir ki, geosiyasi
ziddiyyətlər, qarşılıqlı sanksiyalar və embarqolar nəticəsində
qlobal iqtisadi mənzərə əhəmiyyətli dərəcədə pisləşib. Qlobal
iqtisadiyyat hələ koronavirus pandemiyasından tam şəkildə özünə
gəlməmiş Rusiya-Ukrayna müharibəsi vəziyyəti daha da pisləşdirib.
Sözügedən ölkələr arasında müharibədən əvvəl də dünyada tələb və
təklif arasındakı tarazlığın pozulması və pandemiya zamanı həyata
keçirilən dəstək tədbirlərinin təsiri ilə bir çox ölkələrdə
inflyasiya əhəmiyyətli dərəcədə yüksəlib.

Bu kontekstdə Rusiya-Ukrayna müharibəsi faciəvi humanitar
nəticələrlə yanaşı, qlobal iqtisadiyyda artımın ləngiməsinə və
inflyasiyanın yüksəlməsinə gətirib çıxarır. Ümumiyyətlə, dünya
miqyasında iqtisadiyyat üçün risklər kəskin artıb. Buna paralel
olaraq, iqtisadi siyasət sahəsində kompromis həll yollarının
tapılması daha da çətinləşib.

Yaranmış vəziyyətdə Beynəlxalq Valyuta Fondu 2022-ci ildə dünya
üzrə iqtisadi artım proqnozunu cari ilin yanvar ayında elan etdiyi
4,4 faizlik həddən 3,6 faizə endirib. Təşkilat 2023-cü ildə qlobal
iqtisadiyyatın əvvəl gözlənildiyi kimi 3,8 faiz deyil, 3,6 faiz
artacağını gözləyir. Halbuki, 2021-ci ilin sonunda bu göstərici 6,1
faiz olub.

Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı da dünya
iqtisadiyyatında əvvəl proqnozlaşdırılan artımın olmayacağını
bildirir. Əvvəlcə Dünya Bankı bu il qlobal iqtisadiyyatın 4,1 faiz
artacağını proqnozlaşdırsa da, indi yenilənmiş gözləntilərə əsasən,
artım səviyyəsi ən yaxşı halda 3,2 faiz olacaq. Ümumdünya Ticarət
Təşkilatı isə əvvəl proqnozlaşdırdığı 4,1 faiz artım əvəzinə qlobal
iqtisadiyyatda indi cəmi 2,8 faizlik yüksəliş gözləyir.

İqtisadi artımın azalması ilə yanaşı, daha bir ciddi problem
inflyasiya ilə bağlıdır. Beynəlxalq Valyuta Fondu həm Rusiya, həm
də Ukraynadan tədarükün kəsilməsi səbəbindən geosiyasi vəziyyətin
əmtəə və ərzaq qiymətlərinə mənfi müstəvidə təsir etdiyini
vurğulayır. Qurum bir neçə ölkə istisna olmaqla, qlobal məşğulluq
və istehsalın 2026-cı ilə qədər pandemiyadan əvvəlki səviyyədən
aşağı qalacağını proqnozlaşdırır. Həmçinin inflyasiyanın 2022-ci
ildə inkişaf etmiş ölkələrdə 5,7 faiz, inkişaf etməkdə olan
ölkələrdə 8,7 faiz olmaqla, əvvəllər nəzərdə tutulduğundan daha
uzun müddət yüksək həddə qalacağı gözlənilir.

Dünya iqtisadiyyatı üçün bədbin proqnozlar verən beynəlxalq
maliyyə təşkilatlarının bir çoxunun bu səpkidə Azərbaycanla bağlı
gözləntiləri fərqlidir. Məsələn, elə Beynəlxalq Valyuta Fondunun
yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycan iqtisadiyyatı 2,8
faiz artacaq. Halbuki, Beynəlxalq Valyuta Fondunun əvvəlki
proqnozunda 2022-ci il üçün Azərbaycanda cəmi 2,3 faizlik artım
gözlənildiyi bildirilirdi. Amma bu göstərici 0,5 faiz bəndi
artırılıb. Nüfuzli beynəlxalq maliyyə təşkilatlarından biri olan
Asiya İnkişaf Bankının yenilənmiş proqnozuna əsasən, bu il
Azərbaycanda real ümumi daxili məhsulun artım tempi 3,7 faiz təşkil
edəcək. Bu da sözügedən bankın sonunucu proqnozu ilə müqayisədə 1,2
faiz bəndi çoxdur. Dünya Bankının son proqnozuna görə isə real
böyümə 2,7 faiz olacaq.

Azərbaycan İqtisadiyyat Nazirliyinə görə, bu il ölkədə real
ümumi daxili məhsulun artım səviyyəsi 3,9 faiz olacaq. Lakin ötən
ilin yekunları iqtisadi artım həddinin daha yüksək olacağını da
istisna etmir. Belə ki, ötən ilin ümumi daxili məhsulu üzrə nəzərdə
tutulan artım artıqlaması ilə icra edilib, 3,4 faizin əvəzinə 5,6
faiz iqtisai böyümə qeydə alınıb. Bu, proqnozlardan 2,2 faiz artıq
olub.

Cari ilin ilk rübünün yekunları da Azərbaycan iqtisadiyyatında
2021-ci il ərzində əldə edilən nailiyyətlərin uğurla davam
etdirildiyini göstərir. Birinci rübün yekunları üzrə ümumi daxili
məhsul 6,8 faiz artıb. Qeyri-neft sektorunda isə 10 faizdən çox
artım qeydə alınıb. Qeyri-neft sənaye istehsalında 18 faizdən çox
artıma nail olunub. Bu artım templərinin saxlanılması Azərbaycan
iqtisadiyyatının cari ildə proqnozlardan daha çox böyüyəcəyini
istisna etmir.

Dünya bazarlarında enerji resurslarının yüksək qiyməti,
qeyri-neft sektorunda dinamik inkişaf Azərbaycan iqtisadiyyatı üçün
daha əlverişli persperktivlər vəd edir. Beynəlxalq Valyuta Fondunun
son hesabatına əsasən, bu il neftin orta qiyməti əvvəlki illə
müqayisədə 54,7 faiz çox olacaq. Proqnoza əsasən, 2022-ci ildə
neftin orta qiyməti bir barrel üçün 106,83 ABŞ dolları təşkil
edəcək. Halbuki, cari ildə Azərbaycanın dövlət büdcəsində neftin
bir barrelinin qiyməti 50 dollardan hesablanıb. Beynəlxalq Valyuta
Fondu hesab edir ki, 2022-ci ildə təbii qaz qiymətlərində də artım
templəri qorunacaq. Özü də bu enerji növünün qiymətində artım daha
da yüksək olacaq və ötən illə müqayisədə bu il 147 faiz təşkil
edəcək. Neft və qazın yüksək qiyməti Azərbaycanın valyuta
gəlirlərini artıracaq, iqtisadi tərəqqisinə müsbət təsir
edəcək.

Qeyri-neft sektoru üzrə də Azərbaycan iqtisadiyyatı artım
dinamikasını qoruyacaq. Eləcə də qeyri-neft sektoru üzrə ixrac
həcminin artan xətt üzrə inkişafının davam edəcəyi
proqnozlaşdırılır. Cari ilin ilk rübündə Azərbaycanın qeyri-neft
sektoru üzrə ixracı 727,2 milyon ABŞ dolları təşkil edib. Ötən ilin
eyni dövrü ilə müqayisədə bu sektor üzrə ixrac 225,6 milyon dollar
və ya 45 faiz artıb.

İqtisaiyyatda qeydə alınan artım fonunda Azərbaycanda əhalinin
maddi rifah halı da yüksəlir. Əhalinin real gəlirlərinin artması,
inflyasiya təzyiqlərinin minimal həddə olması üçün hökumət
tərəfindən görülən tədbirlər öz müsbət nəticələrini verir. Bütün
bunlar Azərbaycanı iqtisadi cəhətdən daha qüdrətli ölkəyə
çevirir.

Teqlər: