Türkiyə terrorçuluğun qarşısını almaqda qərarlıdır – Ərdoğan

Türkiyə Suriyanın şimalından edilən ən kiçik hücumu belə
cavabsız qoymayacaq.

Trend yerli
KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğan Bakıda keçirilən “TEKNOFEST-Azərbaycan” Aviasiya,
Kosmos və Texnologiya Festivalından qayıdarkən jurnalistlərə
açıqlamasında deyib.

Ərdoğan əmin edib ki, terrorla mübarizə gələcəkdə də qətiyyətlə
davam etdiriləcək.

“ABŞ terrorla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə
yetirməsə, Türkiyə problemlərini özü həll edəcək”, – deyən Ərdoğan,
Ankaranın terrorla mübarizə üçün icazəyə ehtiyacı olmadığını
bildirib.

Türkiyə liderinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələri
hazırda İraqın şimalında da daxil olmaqla 100-dən çox terrorçunu
zərərsizləşdirib.

Dövlət başçısı, həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil
olması məsələsinə toxunub.

“Nə qədər ki, mən Türkiyə Respublikasına rəhbərlik edirəm,
Ankara terroru dəstəkləyən ölkələrin Şimali Atlantika Alyansına
daxil olmasına heç vaxt razılıq verməyəcək”, – dövlət başçısı
bildirib.

Ərdoğan həmçinin Ukraynada hərbi əməliyyatların dayandırılması
üçün diplomatik səyləri davam etdirməyə hazır olduğunu
açıqlayıb.

Prezident bazar ertəsi Moskva və Kiyevlə telefon danışıqları
aparacağını bildirib: “Biz tərəfləri dialoq və diplomatiya
kanallarından istifadə etməyə çağırmaqda davam edəcəyik”.

İsraillə təbii qaz əməkdaşlığına toxunan dövlət başçısı qeyd
edib ki, Türkiyə Energetika Nazirliyinin rəhbəri bu ölkədə bir sıra
görüşlər keçirəcək.

“İsrail belə bir addıma hazır olduğunu bəyan edir”, – Türkiyə
lideri əlavə edib.

Teqlər: