Tikinti şirkətinə ayrılan 183 min manatın 70 min manatını müsahibə verdim – İcra hakimiyyətinin maliyyə rəisi

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən şahid Mirqayıb Sarıyev qeyd edib ki,
İmişli rayon İcra Hakimiyyətinin Yaşıllaşdırma İdarəsinin rəisi
vəzifəsində çalışıb.

“Vilyam Hacıyevi başçı kimi tanımışam. Rayonun abadlaşdırılması
üçün mütəmadi pullar yığılırdı. Mən də pul verirdim. Ümumilikdə 30
min pul vermişəm. Pulu Rəhim yığırdı. O gəlib deyirdi ki, Vilyam
Hacıyev tapşırıq verib ki, pul yığılmalıdır, biz də verirdik.
Hissə-hissə 30 min manat vermişəm” – M.Sarıyev deyib.

Şahid bildirib ki, həmin pullar idarənin büdcəsindən ayrılırdı: “Həmin 30 min manat ümumi vəsaitdən ayrılırdı ki, işçilərə paltar,
əlcək və digər avadanlıqlar alaq. Mən həmin pulu hissə-hissə
çıxarıb verirdim Rəhimə. Nəticədə həmin əşyaları ala bilmirdik.
Pulları ancaq Rəhim alırdı, deyirdi başçı tapşırıb. Vilyam Hacıyev
heç vaxt məndən pul istəməyib”.

Digər şahid Əhəd Vəliyev isə deyib ki, İmişli rayon Mərkəzi
Xəstəxanasının təsərrüfat şöbəsində işləyir: “Gəlinimi uşaq
bağçasına işə düzəltmək istəyirdim. Rayonun Muradlı kənd icra
nümayəndəsi Adil Kərimov dedi ki, 1500 manat verməlisən. Mən də
verdim, gəlnimi işə düzəltdilər. Sonra mən maaşımdan ayda 100-150
manat verməklə 1500 manatı Adilə ödədim”.

Şahid Nəsimi Məmmədov bildirib ki, rayonda təsərrüfatla
məşğuldur: “2018-ci ildə icra hakimiyyətinə müraciət etdim ki,
torpaq müqaviləsinin vaxtını artırsın. Vilyam Hacıyev məni bir
nəfərə tapşırdı, həmin adamla görüşdüm. O adam dedi ki, pul vermək
lazımdı, mən də verdim. Sonra icarə müddətini artırdılar”.

Şahid Emin Fərzəliyev bildirib ki, hazırda İmişli Elektrik
Şəbəkəsində mühəndis vəzifəsində işləyir: “Həmin vaxt İmişli Rayon
İcra Hakimiyyətində baş memar işləyirdim. Mən gedən tikintilərə
nəzarət edirdim. “Elegant Group” şirkəti var idi. Şəhərdə abadlıq
işləri görüləndə deyirdilər ki, ayrılan vəsaiti həmin şirkətə
köçürün. Pulu köçürürdük, amma şirkət heç bir iş görmürdü. İşi biz
görürdük, pul o şirkətə köçürülürdü”.

Şahid Mayak Əşrəfov bildirib ki, İmişli rayonunda obyekt
tikintisi üçün ondan rüşvət tələb olunub: “Rayonda obyektim var
idi. Onu söküb böyütmək lazım idi. İcra Hakimiyyətinə müraciət
etdim, bildirdilər ki, 200 kvadratlıq obyekt tikmək üçün 1200 manat
verməlisən. Mən də verdim”.

Şahid Fuad Quluzadə isə bildirib ki, rayonda təsərrüfatla
məşğuldur.

“Təsərrüfatla məşğul olmaq üçün torpaq sahəsi lazım idi. İcra
Hakimiyyətinə müraciət etdim. Mənə dedilər ki, 8 min manat rüşvət
verməlisən. Mən də həmin məbləği verib torpaq sahəsi aldım”, –
şahid deyib.

Prosesdə ifadə verən Rəhim Rəhimov isə deyib ki, uzun müddət
İmişli rayon İcra Hakimiyyətinin maliyyə idarəsinin rəisi işləyib: “Vilyam Hacıyev rayona başçı gələndən sonra böyük abadlıq işləri
başlandı. Rayonda fəaliyyət göstərən şirkətlərə təklif olundu ki,
ayrı-ayrı sahələri abadlaşdırsınlar. Görülən işlərin həcmi böyük
olduğu üçün ayrı-ayrı şəxslərdən kömək istəmişik. Vilyam Hacıyev
dedi ki, abadlıq işləri görən şirkətlərə borcu yaranıb. O
vəsaitlərin bağlanması üçün vəsait yığmaq lazım idi. İclasda dedik
və köməklik istədik. İdarə rəisləri yığışırdıq, kimin gücü nəyə
çatırsa, yardım edirdik, pul yığırdıq”.

Pandemiya dövründə aztəminatlı ailələrə ayrılan vəsaitlərin
mənimsənilməsinə gəlincə isə R.Rəhimov bildirib ki, o prosesdə
iştirak etməyib:

“Mən maliyyə idarəsinin rəisi işləmişəm. İdarələrin büdcəsi
təsdiqlənirdi, təqdim edilirdi bizə, biz həmin sənədləri yoxlayıb
vəsaiti ayırırdıq. Mən sənəd imzalamasaydım, heç kimə pul
ayrılmırdı”.

Hakim bildirib ki, R.Rəhimovun istintaqa ifadəsi ilə məhkəmədə
verdiyi ifadə arasında ziddiyyət var.

R.Rəhimov ibtidai istintaqa verdiyi ifadədə bildirib ki, “Nepal”
MMC-yə tikinti abadlıq işləri üçün 183 min manat ayrılıb. Həmin
pulun 70 min manataını şirkət rəhbəri nağdlaşdıraraq Rəhim Rəhimova
verib. Rəhim isə həmin pulu Cəmil Musayevə verib.

Şahid təsdiqləyib ki, həmin məbləğ həqiqətən də Cəmil Musayevə
verilib.

Vilyam Hacıyevin suallarını cavablandıran şahid bildirib ki, o
13 il maliyyə idarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə bir dəfə
də olsun icra başçısına rüşvət verməyib.

Proses mayın 6-da davam edəcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: