ADU-da Beynəlxalq Əməkdaşlıq üzrə Təhsil Konfransının açılış mərasimi keçirilib (FOTO)

Aprelin 25-də Azərbaycan Dillər Universitetində Təhsildə
Araşdırma və İnkişaf Mərkəzinin birgə əməkdaşlığı ilə “Pandemiya və
post-pandemiya siniflərində əlçatanlıq, bərabərlik və inklüzivliyi
əks etdirən birləşmə, yenidən tənzimləmə və dərsin yenidən
qurulması” mövzusunda Beynəlxalq Əməkdaşlıq üzrə Təhsil
Konfransının açılış mərasimi baş tutub.

Konfransın moderatoru Səyanə Bağırova konfrans iştirakçılarını
salamlayıb, təşkilatçılığa görə universitet rəhbərliyinə öz
təşəkkürünü bildirib. Qeyd olunub ki, konfransda Kaliforniya Dövlət
Universitetinin məzunları sayılan Portuqaliya, Uruqvay, Norveç,
İsrail, Qırğızıstandan olan professor-müəllim heyəti ilə yanaşı
Kaliforniya Dövlət Universitetinin Liberal Tədqiqatlar fənnləri
üzrə kordinatorları professor Maris Tompson və Kaliforniya Dövlət
Universitetinin Multikultural fənnlər mərkəzinin direktoru
professor Çarlez Zartman məruzələrlə çıxış edəcəklər.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfrans iştirkaçılarına
uğurlar arzu edib, qonaqları universitetdə görməkdə məmnun olduğunu
bildirib. Konfransın əhəmiyyətindən danışan Kamal Abdulla bildirib
ki, pandemiya dövründə bütün sahələrdə olduğu kimi təhsil sahəsində
də bir sıra problemlər ortaya çıxmışdır. Bu problemləri aradan
qaldırmaq üçün yeni imkanlardan və mövcüd şəraitdən səmərəli
istifadənin zəruriliyi hər kəsə məlum oldu. Konfransda iştirak edən
xarici ölkələrdən gələn professor müəllim heyətinin əsl
multikultural dəyərlərə sadiq olan və bu dəyərləri yaşadan
nümayəndələrin olması diqqətə çatdırılıb.

Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev
tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimiz İlham Əliyevin
rəhbərliyi ilə uğurla reallaşdırılan hərtərəfli inkişaf
strategiyası sayəsində Azərbaycanın artıq siyasi və iqtisadi
cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrildiyini,
beynəlxalq arenada söz sahibi olduğunu qeyd edən Kamal Abdulla
regionda həyata keçirilən və dayanıqlı inkişafa hədəflənən
irimiqyaslı layihələrdə Azərbaycanın əsas təşəbbüskar və iştirakçı
dövlətlərdən olduğunu diqqətə çatdırıb.

İnkişafın yeni hədəflərinin elmi əsaslarının hazırlanmasının
vacibliyini qeyd edən rektor konfrans çərçivəsində aparılacaq
müzakirələrin və yaradılacaq tərəfdaşlıqların tələbələrin və
müəllimlərin gələcək elmi inkişafında önəmli rol oynayacağına
əminliyini ifadə edib.

Təhsil Nazirinin müşaviri Nicat Məmmədli konfransın
təşkilatçılarına, ADU rəhbərliyinə və kollektivinə yaradılan
şəraitə görə öz minnətdarlığını bildirib. Bəşəriyyətin qarşısında
duran qlobal problemlərin dünyada davamlı inkişafa nail olunmağı
zəruri vəzifəyə çevirdiyini bildirən müşavir konfransın mövzusunun
aktuallığından və əhəmiyyətindən bəhs edib. Müasir tələblərə cavab
verən təhsil sistemi və mütəxəssis hazırlığı üzrə yeni
çağırışlardan danışan müşavir konfransda bu istiqamətdə ediləcək
məruzələrin və aparılacaq müzakirələrin faydalı olacağına
əminliyini söyləyib, konfrans iştirakçılarına uğurlar
arzulayıb.

ABŞ-ın Azərbaycandakı Mədəniyyət işləri üzrə konsulu Riçard
Pinkham tədbir iştirakçılarını Azərbaycan dilində salamlayıb.
Konfransda iştirakından məmnun olduğunu bildirən konsul tədbirin
əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, təhsilin yeni
istiqamətləri post-pandemiya dövründə xüsusi araşdırlır və təhsillə
bağlı bir sıra vacib addımlar atılır.

Qeyd olunub ki, beynəlxalq əlaqələrin qurulması, təhsil
mübadiləsinin aparılması ölkələr arasında dostluq və əməkdaşlıq
münasibətlərinin qurulmasına imkan yaradır. Söylənilib ki,
Azərbaycan bu imkandan səmərəli şəkildə istifadə edir.

Daha sonra Kaliforniya Dövlət Universitetinin əməkdaşları:
fənlər mərkəzinin direktoru professor Çarlz Zartman, Liberal fənlər
üzrə kordinatoru professor Maris Tompson, Beynəlxalq əlaqələr
şöbəsinin rəhbəri Bethani Pineqar məruzələrlə çıxış ediblər.
Çıxışçılar ADU rəhbərliyinə və konfrans iştirakçılarına
təşəkkürlərini bildiriblər. Yeni təhsil çağırışlarına və təhsil
imkanlarına hər kəsin qoşulması üçün müraciətlər olunub.

Konfrans seminar müzakirələlə davam edib.

Konfransın ikinci günündə – aprelin 26-da Kaliforniya Dövlət
Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Bethany
Pinegar konfransın ümumi gedişatı haqqında məlumat verəcək,
professor Çarles Zartmanın mühazirəsi dinləniləcək, seminar
müzakirələri aparılacaq. Həmçinin Bethany Pinegarın tələbələrlə
görüşü təşkil olunacaq. Bundan əlavə, professorlar Çarles Zartman
və Maris Thompson tələbələrlə “Təhsilin rolu” mövzusunda
müzakirələr aparacaqlar.

Teqlər: