“Burger King”də yararlıq müddəti bitmiş çörəklər aşkar edilib

Bakıda fəaliyyət göstərən restoranda istehlaka yararsız
məhsullar aşkar olunub.

Bu barədə AzerTimes-a Qida Təhlükəsizliyi Agentliyindən xəbər
verilib.

Bildirilib ki, daxil olan məlumat əsasında Agentlik əməkdaşları
tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., Füzuli
küçəsinin kəsişməsi, məhəllə 720 ünvanında fəaliyyət göstərən,
“Anar Food” MMC-yə məxsus “Burger King” restoranında keçirilmiş
plandankənar yoxlama zamanı məhsulun qəbulu, saxlanması, emala
hazırlanması və emalı prosesləri araşdırılıb.

Araşdırma zamanı emal prosesində normativ hüquqi aktların
tələblərinin pozulduğu müəyyən edilib, eyni zamanda, restoranın
dondurucu kamerasında hər birində 24 ədəd olmaqla, 31 ədəd karton
qablaşdırmada, burgerlərin hazırlanması üçün nəzərdə tutulmuş,
ümumi sayı 744 ədəd yararlıq müddəti bitmiş çörək aşkar edilib.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb,
istifadə müddəti bitmiş məhsulların istehlakının qarşısı
alınıb.

Araşdırmalar davam etdirilir.

Teqlər: