“TEKNOFEST Azərbaycan” qardaş Türkiyə ilə həmrəyliyimizin növbəti nümayişidir – Səttar Möhbalıyev

“Ölkəmizdə öz möhtəşəmliyi və əlamətdarlığı ilə yadda qalan
“TEKNOFEST Azərbaycan” festivalı baş tutdu. Festivala maraq çox
böyük idi, demək olar ki, respublikamızın hər yerindən ziyarətçilər
bura axışırdı. Həmçinin festivalın peşəkarlar tərəfindən
hazırlanması və keçirilməsi onun möhtəşəmliyini daha da artırırdı.
Festival çərçivəsində keçirilən müsabiqələr, şagirdlərin və
tələbələrin böyük şövqlə və istəklə bura qatılması, özlərini
sınaması gənclərimizin elmə, müasir texnologiyalara artan marağını
bir daha təsdiq edir. Pilotsuz uçuş aparatları, robotexnika, peyk
modelləşdirilməsi və digər sahələr üzrə gənclərə ideyalarını
reallaşdırmaq imkanı verən festival onlarda elm naminə çalışmaq,
yeniliklər etmək, sağlam mühütdə rəqabət aparmaq kimi
mədəniyyətlərin formalaşmasında mühüm rol oynayacaq. İnanırıq ki,
yarışlarda iştirak edən gənclər gələcəkdə elmi nailiyyətləri ilə
bütün dünyaya səs salacaq, ölkəmizi ləyaqətlə təmsil edəcəklər.
“TEKNOFEST Azərbaycan” çərçivəsində təşkil olunan sərgilər, hava
şouları, konsertlər və əyləncə attraksionları ziyarətçilər
tərəfindən maraqla qarşılandı və hamının könlünü oxşadı. Daha
qürurverici məqam isə milli şahinlərimizin və qardaş ölkənin
pilotlarının möhtəşəm hava şousu idi ki, çətin manevrlərin
öhdəsindən ləyaqətlə gəlməklə izləyiciləri heyrətə
gətirirdilər”.

Bu fikirləri mətbuata açıqlamasında Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, 2018-ci ildən keçirilməyə başlayan
“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının ildən-ilə nüfuzu
artmaqdadır və beynəlxalq əhəmiyyət kəsb etməyə başlayıb: “İlk
olaraq Türkiyədən kənarda “TEKNOFEST”in Azərbaycanda təşkil
olunması iki ölkə arasında olan qardaşlığı, dostluğu, strateji
müttəfiqliyi əks etdirməklə yanaşı, həmçinin texnologiya sahəsində
əməkdaşlığımızı da dərinləşdirəcək. Dövlətimizin başçısı cənab
İlham Əliyevin və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın
“TEKNOFEST Azərbaycan”da iştirak edərək çıxış etmələri festivalın
əhəmiyyətini bir daha ortaya qoymuş oldu, eləcə də ölkələrimizin
birliyini və həmrəyliyini bir daha nümayiş etdirdi. Tarix sübut
edir ki, Azərbaycan və Türkiyə hər zaman ortaq mövqedən çıxış edib,
şad gündə də, dar gündə də bir yerdə olublar. 1918-ci ildə Bakının
bolşevik işğalından azad edilməsi zamanı türkiyəli qardaşlarımız
bizim köməyimizə yetişdi, şəhəri birlikdə azad etdilər, bu yolda
şəhidlər verdilər. Bu, bizim qardaşlığımız üçün ən gözəl nümunə və
örnəkdir. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən
müharibəsində yenə də qardaşlarımız yanımızda oldular, bizə
mənəvi-siyasi dəstək göstərdilər. Bu dəstək xalqımızın qələbəyə
olan inamını xeyli artırdı”.

“Azərbaycan və Türkiyə münasibətlərinin bu səviyyə çatmasında
hər iki ölkənin prezidentlərinin xidmətləri danılmazdır. Dövlət
başçılarının birliyi və həmrəyliyi, bir-birinə “qardaşım” deyərək
müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də
nümunədir. İmzalanan Şuşa Bəyannaməsi isə ölkələrimiz arasındakı
münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edir,
müttəfiqliyin geostrateji əhəmiyyətini yüksəldir. İnanırıq ki,
bundan sonra da əlaqələrimiz bütün sahələrdə dinamik olaraq inkişaf
edəcək, həmrəyliyimiz əbədi olacaq. Babalarımızın bizə miras
qoyduğu bu birlik gələcək nəsillərimiz tərəfindən də davam
etdiriləcək”, – Milli Məclisin deputatı deyib.

Teqlər: