“TEKNOFEST Azərbaycan” çərçivəsində Xəzər dənizində Flyboard əyləncə proqramı təşkil olunacaq

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı
çərçivəsində texnologiya müsabiqələri və tədbirlərlə yanaşı paytaxt
sakinləri və qonaqlar üçün əyləncəli proqramlar da təşkil
olunacaq.

Məlumat üçün bildiririk ki, “TEKNOFEST Azərbaycan” Türkiyə
Teknoloji Takımı Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası
Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin
26-29 may tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.

Festival çərçivəsində Bakıda ilk dəfə olaraq məşhur ispaniyalı
flyboarder Lindsay McQueen-in təqdimatında su üzərində Flyboard
şousu da baş tutacaq.

Qeyd edək ki, Lindsay McQueen Qətər və Dubayda su üzərində
Flyboard üzrə keçirilmiş dünya çempionatlarında uğurla iştirak
edib.

Paytaxt sakinləri və qonaqlar 4 gün ərzində, gündə 2 dəfə
olmaqla, möhtəşəm Flyboard şousunu izləyə biləcəklər.

Əsrarəngiz musiqi sədaları və festival iştirakçılarının
coşqunluğu ilə müşayiət olunacaq proqramda ispaniyalı idmançı su
üzərində olduqca heyrətamiz fəndlər nümayiş etdirəcək: o, sudan
10-15 metr hündürlükdə nəfəs kəsən saltoları – geriyə çevrilmə və
öz oxu ətrafında fırlanaraq dönmə hərəkətlərini məharətlə icra
edəcək. Eyni zamanda, McQueen havada asılı vəziyyətdə qalaraq daha
sonra suya dalma fəndlərini göstərəcək.

Su üzərində Flyboard əyləncə proqramı festivalın bir hissəsi
olmaqla Dənizkənarı Milli Parkdan şounu izləyən Bakı sakinlərinə
unudulmaz xoş anlar yaşadacaq.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.