“TEKNOFEST Azərbaycan” çərçivəsində “Rocket League” Avropa çempionatına qeydiyyat davam edir

“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı
çərçivəsində baş tutacaq “Rocket League” üzrə Avropa çempionatına
qeydiyyat davam edir.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” Türkiyə Teknoloji Takımı
Vakfının (T3 Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya
Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26 – 29 may
tarixlərində Bakıda ilk dəfə olaraq keçiriləcək.

“Rocket League” üzrə Avropa çempionatında Azərbaycanın və
Avropanın ən güclü komandaları Mükafat fondu uğrunda mübarizə
aparacaqlar.

Beynəlxalq tədbirdə iştirak etmək istəyən kiber atletlər
https://baku2022.azkif.az/
elektron səhifəsinə daxil olaraq milli seçmə mərhələsi üzrə
qeydiyyatdan keçə bilərlər.

Yarışın şərtlərinə əsasən yaş həddi 16-dan yuxarı olan
Azərbaycan vətəndaşları sözügedən tədbirdə iştirak edə biləcəklər.
Yarış komanda şəklində (3×3 formatda) “Baku Cristal Hall”da təşkil
olunacaq. Sözügedən beynəlxalq yarışda Avropadan 160-a yaxın
komandanın iştirakı gözlənilir.

Qeyd edək ki, beynəlxalq tədbirin təşkilatçısı Avropa və
Azərbaycan Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və
maliyyə dəstəyi göstərir.

“Rocket League” mərhələsi üzrə Mükafat fondu 15.000 ABŞ dolları
təşkil edir.

Müsabiqədə iştirak etmək üçün son müraciət tarixi 01 aprel
2022-ci ildir.

Əlavə məlumat əldə etmək üçün:

050 251 40 28

[email protected]

teknofest.az

Xatırladaq ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal
İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda
Bakıda “Teknofest” in “prodakşn” ofisi fəaliyyət
göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən
ibarətdir.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji
Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin
60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin
tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.