Şuşada V Xarıbülbül Festivalının keçiriləcəyi vaxt AÇIQLANDI

2022-ci il 12-14 may tarixlərində Azərbaycanın mədəniyyət
paytaxtı olan Şuşa şəhərində Mədəniyyət Nazirliyi, Heydər Əliyev
Fondu və Şuşa Şəhəri Dövlət Qoruğunun təşkilatçılığı ilə V
Xarıbülbül Beynəlxalq Folklor Festivalı keçiriləcək.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, 1989-1991-ci illərin may ayında Şuşa şəhərində və digər Qarabağ
bölgələrində keçirilən beynəlxalq musiqi festivalı
30 illik fasilədən sonra 2021-ci ilin 12–13 may tarixlərində Şuşada
Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə yenidən təşkil edilib.

1989-cu ildə baş tutan I festival Seyid Şuşinskinin 100 illik
yubileyinə həsr olunub. Festivalda yerli ifaçılarla yanaşı,
Qırğızıstan SSR, Qazax SSR, Başqırd MSSR, Litva SSR və Belarus
SSR-dən musiqi kollektivləri də təmsil olunub. Ümumilikdə
festivalda 100-ə yaxın insan iştirak edib. Konsertlər Cıdır düzü
meydanında tikilmiş 7 məkanda keçirilib. Tədbirin ilk günü Qarabağ
atları üzərində yarışlar və güləş yarışları ilə də yadda qalıb.
Birinci festivalın tamaşaçıları əsasən Şuşa sakinləri olub.

1990-cı ildən “Xarı Bülbül” festivalı beynəlxalq status alıb.
Buraya Hollandiya, Almaniya, İsrail, Türkiyə kimi xarici ölkələrdən
folklor qruplarının dəvət olunması ictimaiyyətdə böyük marağa səbəb
olub. Qarabağ münaqişəsinin başlaması ilə bağlı Şuşada ağır
vəziyyət yarandığından əsas konsertlərin Ağdam ərazisində təşkil
olunmağa başlayıb, eləcə də Bərdə və Ağcabədidə də bəzi konsertlər
baş tutub. Ümumilikdə festivalda dünyanın müxtəlif ölkələrindən
170-ə yaxın insan iştirak edib.

3-cü festival 1991-ci ildə keçirilib. Bu tədbirdə 25 ölkədən
300-ə yaxın insan iştirak edib. Əvvəlki illərin iştirakçı ölkələri
sırasına Amerika və Avstraliyadan olan rəssamlar da əlavə edilib.
Tamaşaçıların çoxluğu səbəbindən festival çərçivəsində stadionlarda
da konsertlər baş tutub.

II və III festivalların yekun konsertləri Bakıda Heydər Əliyev
Sarayında təşkil olunub.

2021-ci ildə mayın 12-13-də Şuşanın Cıdır düzündə keçirilən
sayca IV festivalın ilk günündə milli rəqs, muğam sənəti təqdim
olunub, Azərbaycanın müxtəlif regionlarını və milli azlıqları
təmsil edən folklor kollektivlərinin konsertləri keçirilib,
müxtəlif illərdə Şuşada lentə alınmış Azərbaycan xanəndələrinin
ifalarından ibarət videoçarxlar nümayiş etdirilib. Festivalın
ikinci günündə Azərbaycan bəstəkarlarının klassik musiqi əsərləri
təqdim olunub. Konsertdə Azərbaycan Dövlət Simfonik Orkestrinin və
Azərbaycan Dövlət Xoru, həmçinin tanınmış vokal ifaçıları və digər
solistlər çıxış edib.

Teqlər: