Suraxanı rayonunda İlahiyyat İnstitutunun maarifləndirmə tədbiri keçirilib (FOTO)

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşəbbüsü və Suraxanı
Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Aİİ-yə yüksək
intellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə icra
hakimiyyətinin Akt zalında maarifləndirici xarakterli tədbir
keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov,
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Suraxanı
rayonundan Milli Məclisə seçilmiş deputatlar – Afət Həsənova,
Sevinc Fətəliyeva, Etibar Əliyev, rayon prokuroru Rəşid Mahmudov,
Dövlət Təhlükəsizlik Xidməti Suraxanı Rayon İdarəsinin rəisi Rauf
Məmmədov, rayon icra hakimiyyətinin başçısı yanında Şura üzvləri,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan İlahiyyat
İnstitutunun nümayəndələri, rayonun din xadimləri, təhsil
müəssisələrinin rəhbərləri və abituriyentlər iştirak ediblər.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin
Suraxanı rayonu, Heydər Əliyev parkında ucaldılan abidəsini ziyarət
edərək, abidə önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru
Aqil Şirinov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin
qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb. O qeyd edib
ki, Azərbaycan İlahiyyat İnstitutu Prezident cənab İlham Əliyevin
2018-ci il 9 fevral tarixli Sərəncamına əsasən yaradılıb. Rektor
İnstitutun istifadəyə verilmiş yeni inzibati binasının açılış
mərasimində cənab İlham Əliyevin iştirak etməsini ölkə başçısının
dövlət-din münasibətlərinə göstərdiyi diqqət və qayğının bariz
nümunəsi kimi vurğulayıb.

Aİİ rəhbəri daha sonra ali təhsil müəssisəsinin məqsəd və
hədəfləri haqqında ətraflı məlumat verib.

Tədbirdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Etibar
Əliyev, rayon prokuroru Rəşid Mahmudov, Dövlət Təhlükəsizlik
Xidməti Suraxanı Rayon İdarəsinin rəisi Rauf Məmmədov, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aqil Əlisoy,
“Höccət İbn Həsən” Məscidi Dini İcmasının sədri Allahverən
Məmmədzadə, B.Qulamoğlu adına 285 №-li tam orta məktəbin direktoru
Səfurə Rəhimova, E.Cəfərov adına 118 №-li tam orta məktəbin
direktoru Nizaməddin Ağcayev, Suraxanı RİHB-in Əmircan qəsəbə
inzibati ərazi dairəsi üzrə nümayəndəsi, Şəhid atası Əlixan Əliyev,
Əmircan Bələdiyyəsinin sədri Cəmilə Ağayeva çıxış ediblər.
Çıxışlarda təhsilə, onun inkişafına dövlətimiz tərəfindən xüsusi
diqqət yetirildiyi, elmin, təhsilin maddi-texniki bazasının inkişaf
etdirildiyi, bu sahənin ən müasir və qabaqcıl texnologiyalarla
təmin olunduğu vurğulanıb. Həmçinin yeniyetmə və gənclərin
mütərəqqi dünyagörüşə malik şəxsiyyət kimi formalaşmaları,
milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər ruhda böyümələri
istiqamətində görülən işlər haqqında məlumat verilib.

Aİİ Magistratura və doktorantura şöbəsinin müdiri Fidan Yusifova
çıxışında ali təhsil müəssisəsinə qəbul prosesi və qaydaları barədə
ətraflı məlumat verib.

Daha sonra Aİİ-nin ictimai fəaliyyətini əks etdirən videoçarx
nümayiş etdirilib.

Tədbirin yekununda rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov
tədbirdə iştirak etdiklərinə görə qonaqlara dərin minnətdarlığını
bildirib və Prezident cənab İlham Əliyevin rəhbərliyi altında
dövlətimiz tərəfindən Azərbaycan xalqının tarixi ənənələrinə
söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək
dini-mənəvi mühitin qorunub-saxlanılması, inkişafı və dini
fəaliyyətin təşkili sahəsində həyata keçirilən işlərdən danışıb. O,
bir qrup abituriyentin iştirakı ilə Aİİ-yə ekskursiyanın təşkil
olunması ilə bağlı təklif irəli sürüb. Məqsəd – din sahəsinə maraq
göstərən Suraxanı rayon şagirdlərinin ilahiyyat sahəsində savadlı
mütəxəssis kimi yetişdirilmələri üçün Aİİ-də təhsilə cəlb
olunmalarıdır.

Teqlər: