Suqovuşana və Talış kəndinə çəkilən izolyasiyalı xəttin üstünlükləri nədir? – “Azərişıq” açıqladı

Tərtər yarımstansiyasından Suqovuşana və Talış kəndinə çəkilən
izolyasiyalı xətt “Azərişıq” tərəfindən ilk dəfə tətbiq edilib.

AzerTimes xəbər verir ki, bunu
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu
deyib.

O, bu xəttin üstünlükləri barədə bildirib ki, burada ənənəvi
anket dayaq qoyulub, metal dayaqdır. Ənənəvi xətlərdə mühafizə
zolağı 30-40 metr olur. Amma bizim çəkdiyimiz yeni xətdə isə
mühafizə zolağı 3-6 metrə qədərdir. Bu da min hektarlarla torpaq
sahəsinin yenidən əkin sahələri kimi istifadəsinə zəmin
yaradır.

“Eyni zamanda, ənənəvi xətlərdə qeyri-sabit hava şəraitində
açılmalar olur. Amma burada demək olar ki, açılmalar sıfıra
bərabərdir. Bir çox yerlərdə yay aylarında müəyyən yanğınlar olur.
Bu xətlərdə təhlükə yenə də sıfıra bərabərdir. İtkilərə gəlincə,
ənənəvi xətlərdə 10-12 faizə qədər itki olur. Amma izolyasiyalı
xətlərdə itkilər demək olar ki, 3-4 faizə qədər azalır. Təbii ki,
bu iqtisadi rentabelliyi nəzərə alaraq, cənab Prezident “Azərişıq”
rəhbərliyinə belə bir tapşırıq verdi ki, Bakı şəhərində də 35
kilovoltluq belə izolyasiyalı xətlərdən istifadə olunsun. Biz də “Azərişıq” olaraq məhz bunun üzərində işləyirik. Yaxın vaxtlarda
Bakı şəhərində də belə müasir innovativ yeniliyə əsalanan
yüksəkgərginlikli xətləri görə biləcəyik”.

Xatırladaq ki, Novruz bayramı ərəfəsində “Azərişıq” ASC
tərəfindən Azərbaycanda ilk dəfə Tərtər rayonunun Suqovuşan
qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar
təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel
xəttinin təqdimatı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva təqdimatda iştirak ediblər.

Teqlər: