“Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat konfransı keçirilib (FOTO)

Prezident İlham Əliyevin uğurlu sosial islahatlar proqramının
nailiyyətlərinə həsr olunmuş “Sosial islahatların uğurları, bu
islahatlara beynəlxalq baxış və mükafatlar” mövzusunda mətbuat
konfransı keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev
vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırıqları əsasında
həyata keçirilən köklü sosial islahatlar, imzaladığı fərman və
sərəncamlar nəticəsində ötən 4 ildə respublikamızın sosial inkişafı
istiqamətində mühüm uğurlar əldə edilib.

Nazir müavini şəhid ailələri və müharibə əlillərinin sosial
müdafiəsinin gücləndirilməsinin dövlət başçısının siyasətinin ana
xəttini təşkil etdiyini vurğulayıb. Bildirib ki, 19 aprel 2018-ci
il tarixli Fərmanla şəhid ailələri daha bir sosial dəstək proqramı
ilə əhatə olundu: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi
bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların,
daxili işlər orqanları əməkdaşlarının – 12 min şəhidin 18 mindən
çox vərəsəsinə 11 min manat birdəfəlik ödəmə verilməsi proqramı
uğurla icra edildi.

Dövlət başçısının 2021-ci ilin dekabr ayında imzaladığı Fərmanla
isə daha bir mühüm sosial proqramın icrasına hazırlıq işləri
aparılır: 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyünün
müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilmiş
şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın
vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq. Eyni zamanda,
Prezident İlham Əliyevin tapşırığı ilə 44 günlük Vətən müharibəsi
iştirakçıları da sosial dəstək proqramı ilə əhatə olundu: “Müharibə
veteranı” adı verilmiş şəxslərə Prezidentin aylıq təqaüdü təyin
olundu.

Qeyd olunub ki, şəhid ailələri və müharibə əlillərinə yönələn
sosial ödənişlərin də son 4 ildə ardıcıl şəkildə artırılması təmin
edilib. Həmçinin şəhid ailələri və müharibə əlillərinin mənzillə
təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib. Keçən il onlara 3
min mənzil, ümumilikdə ötən dövrdə 12500-dən çox mənzil və ya fərdi
ev verilib. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400
müharibə əlili minik avtomobili ilə təmin edilib.

Prezident İlham Əliyevin tapşırıqları əsasında son 4 ildə
minimum əməkhaqqı 2,3 dəfə, pensiyaların minimum məbləği 2,2 dəfə
artırılıb. Son 4 ildə müavinət və təqaüdlərdə orta hesabla 2,5-3
dəfədən çox artım baş verib.

2018-ci ildən sonrakı dövrdə dövlət başçısının imzaladığı fərman
və sərəncamlarla ölkə əhalisinin böyük bir hissəsini əhatə edən 3
sosial islahat paket icra olunub.

2018-22021-ci illərdə əmək müqavilələrinin sayında 30 faiz və ya
400 minə yaxın, illik əməkhaqqı fondunda 2 dəfədən çox artım baş
verib.

2021-ci ildə 16 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb
olunub ki, bu da proqramın icrasına başlanıldığı 2017-ci illə
müqayisədə 13,8 dəfə çoxdur. Ümumilikdə son 4 ildə və cari ilin ilk
rübündə 44 mindən çox şəxs özünüməşğulluq proqramına cəlb
edilib.

Prezident İlham Əliyevin tapşırıqları əsasında sosial sahədə
ölkəmizdə aparılan islahatların uğurları beynəlxalq səviyyədə də
yüksək dəyərləndirilir.

Dövlət başçısının 9 avqust 2018-ci il tarixli Fərmanı ilə
yaradılan və 2019-cu ilin may ayında açılışı olan DOST Agentliyi
sosial sahədə vətəndaş məmnunluğuna yönəlik köklü islahatların ən
mühüm nailiyyətlərindən biridir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası dövlət
sosial xidmətlərinin (156 növdə xidmət) “bir pəncərə”dən, innovativ
yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər
üzərində qurulması ilə ölkəmizin bu sahədə yeni brendini
formalaşdırıb.

2022-ci ilin fevral ayında Beynəlxalq Pensiya və Sosial Fondlar
Assosiasiyasının fəxri fərmanına layiq görülən DOST Agentliyinin bu
günlərdə Avropa Sosial Şəbəkəsinin Avropa Sosial Xidmətlər
Mükafatını qazanması da DOST konsepsiyasının müasir dünyanın
innovasiyalar sahəsində mühüm nailiyyətləri sırasında olduğunu
göstərir.

Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu isə Böyük
Britaniyada keçirilən “Dövlət sektorunda transformasiyaya görə
beynəlxalq mükafat” müsabiqəsinin “2022-ci ilin Beynəlxalq Dövlət
Qurumu” ali mükafatına layiq görülüb. 2019-cu ildə Azərbaycanın
dörd sosial layihəsi (özünüməşğulluq proqramı, ünvanlı sosial
yardım və əlillik təyinatı üzrə e-sistemlər, qeyri-rəsmi
məşğulluğun aradan qaldırılması tədbirləri) Beynəlxalq Sosial
Təminat Assosiasiyasının ən yaxşı təcrübələr kimi xüsusi mükafat və
təltiflərinə layiq görülüb.

Mətbuat konfransında sosial sahədə rəqəmsal texnologiyaların
geniş tətbiqi, proaktiv xidmətlərin yaradılması, reabilitasiya və
sosial xidmətlər sahəsində əldə olunan nailiyyətlər barədə də
məlumat verilib.

Teqlər: