Kəmaləddin Heydərov gecə klubunda baş verən partlayışdan danışdı

11 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin
inzibati binasında ölkənin kommunal təsərrüfatında, o cümlədən qaz
təsərrüfatında mövcud vəziyyət, bununla əlaqədar yarana biləcək
fövqəladə hallarla bağlı məsələlərin müzakirəsinə həsr olunmuş
müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, müşavirədə
Fövqəladə Hallar Naziri general-polkovnik Kəmaləddin Heydərov,
FHN-in aidiyyəti strukturlarının rəhbərləri, Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azəriqaz” İstehsalat
Birliyinin baş direktoru Ruslan Əliyev, energetika nazirinin
müavini Kamal Abbasov, “Azərişıq” ASC-nin sədr müavini Qədir
İsmayılov və “Azərsu” ASC-nin sədr müavini Köçərli Həsənov iştirak
edib.

Tədbirdə çıxış edən nazir Kəmaləddin Heydərov müşavirənin
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın tapşırığı ilə keçirildiyini qeyd edib. O, hazırda ölkədə
kommunal təsərrüfat, o cümlədən qaz təsərrüfatındakı mövcud
vəziyyət barədə geniş məlumat verib. Nazir bu ilin aprel ayının
3-də Bakı şəhərində yerləşən “Location” gecə klubunda baş vermiş
partlayış barədə danışaraq, ictimai-iaşə obyektlərinin, o cümlədən
binaların zirzəmi və birinci mərtəbələrində yerləşən obyektlərin
xüsusilə qaz təsərrüfatlarında aşkar edilən yanğın təhlükəsizliyi
qaydalarının kobud şəkildə pozulması hallarının acı faciələrə yol
aça bildiyini, hər an potensial təhlükə mənbəyi olduğunu
vurğulayıb. Nazir qeyd edib ki, FHN-in nəzarət qurumlarının
sahibkarlıq subyektlərində yoxlama keçirməsi üçün hazırda mövcud
olan prosedurdan sui-istifadə edən işbazlar bir sıra hallarda
təhlükəsizlik qaydalarına laqeyd yanaşırlar. Belə ki, obyektdə
nəzarət tədbiri həyata keçirən Nazirliyin Dövlət Yanğın Nəzarəti
Xidmətinin inspektoru aşkar etdiyi çatışmazlıqlar, o cümlədən maye
qaz balonu və ya qaz xəttinə qeyri-qanuni qoşulma hallarını yerində
aradan qaldırıb müvafiq sənədləşmə işlərini bitirərək obyekti tərk
etdikdən sonra obyekt sahibi yenidən həmin qaz balonu və ya qaz
xəttinə qeyri-qanuni qoşulmanı bərpa edir ki, bu da sonda ağır
faciələrə gətirib çıxarır.

O da vurğulanıb ki, xüsusilə qaz balonlarının istismarı, onların
obyekt daxilində nəzarət tədbirləri zamanı kənarlaşdırılması və
utilizasiyası ilə bağlı konkret mexanizm olmadığından bir sıra
hallarda inspektor tərəfindən zəruri tədbirlərin görülməsi
qeyri-mümkün olur. Odur ki, maye qaz balonlarının doldurulması,
istismarı, balonların texniki təhlükəsizlik qaydalarının
tələblərinə nəzarət aidiyyəti qurumlar tərəfindən təmin
olunmalıdır. Həmçinin, ictimai-iaşə obyektlərində qeyri-qanuni
olaraq qazdan istifadə halları ilə də ciddi mübarizə aparılmalıdır.
K.Heydərov istehlakçıların qaz qurğularının, qaz xətlərinin, tüstü
bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin müayinə
edilərək yoxlanılması funksiyasının bilavasitə “Azəriqaz” İB-nə aid
olduğunu nəzərə alaraq, bu sahədə zəruri tədbirlərin görülməsinin
vacibliyini qeyd edib.

Nazir vurğulayıb ki, bütün qeyd olunanlar nəzərə alınaraq,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
ictimai-iaşə sektorunda fövqəladə hadisələrə səbəb ola biləcək
hallarla, ilk növbədə yanğın və partlayış təhlükəsi və bu çərçivədə
maye qaz balonları və qazdan qeyri-qanuni istifadə halları ilə
kəskin mübarizə aparılması barədə ciddi tapşırıqlar verilib.

Tədbirdə Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri,
o cümlədən Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət
general-mayoru Hikmət Abbasov, Mülki müdafiə işinin təşkili Baş
idarəsinin rəisi general-mayor Niyazi Zamanov, Böhran
Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəisi general-mayor Adil
Abdullayev, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən
Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Tikintidə
Təhlükəsizliyə Nəzarət Dövlət Agentiyinin rəisi Cəbrayıl Xanlarov,
Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət
Agentliyinin rəisi Vüqar Hüseynov çıxış edərək aidiyyəti sahələrdə
fövqəladə hadisələrə səbəb ola biləcək hallar, onları doğuran
səbəblər barədə ətraflı məlumat veriblər.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev,
energetika nazirinin müavini Kamal Abbasov, “Azərişıq” ASC-nin sədr
müavini Qədir İsmayılov və “Azərsu” ASC-nin sədr müavini Köçərli
Həsənov çıxış edərək səsləndirilən məsələlərlə əlaqədar aidiyyəti
üzrə ciddi tədbirlərin görüləcəyini qeyd ediblər.

Müşavirənin yekunu olaraq aidiyyəti qurumların
mütəxəssislərindən ibarət birgə komissiyalar tərəfindən paytaxt
Bakı şəhərindən başlamaqla ictimai-iaşə obyektlərində
gücləndirilmiş yoxlama-nəzarət tədbirlərinin keçirilməsi və aşkar
edilmiş pozuntularla bağlı dərhal qanunamüvafiq tədbirlərin
görülməsi qərara alınıb.

Teqlər: