Somalidə prezident seçkilərinin nəticələri açıqlanıb

Somali parlamenti Həsən Şeyx Mahmudu ölkənin yeni prezidenti
seçib.

Trend xəbər verir ki, bu barədə səsvermənin nəticələrinə
istinadən “Somali Guardian” portalı məlumat yayıb.

Həsən Şeyx Mahmud – Somalinin keçmiş prezidentidir (2012-2017).
O, 2011-ci ildə “İslam demokratiyası” mövqeyini tutan Sülh və
İnkişaf Partiyasını yaradıb və ona rəhbərlik edib. O, ilk dəfə
2012-ci il sentyabrın 10-da parlamentin iclasında prezident
seçilib. Həsən Şeyx Mahmudun hakimiyyəti dövründə əvvəllər
radikalların işğal etdiyi ərazilərin əksəriyyəti Somali hökumətinin
nəzarətinə qaytarılıb, federal ştatların muxtar administrasiyaları
yaradılıb, BVF ilə əlaqələr qurulub. Ölkədə Qərb ölkələrinin, eləcə
də Çin və Türkiyənin səfirlikləri yenidən fəaliyyətə başlayıb. Eyni
zamanda onun hökuməti bir sıra böyük korrupsiya qalmaqalları ilə
yadda qalıb.

Somalinin yeni prezidentini 37 namizəd arasından parlamentin
aşağı və yuxarı palatalarının 329 deputatı seçib.