“SOCAR Midstream” ilə əməkdaşlıq çərçivəsində Mingəçevir Dövlət Universitetində Layihə İdarəetmə Ofisi yaradılacaq (FOTO)

2022-ci ilin 22 aprel tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) “SOCAR Midstream” ilə əməkdaşlıq çərçivəsində
layihə idarəetmə ofisinin yaradılması və fəaliyyətinin təmin
edilməsi məqsədilə təlimlərə başlanılıb. Yeni ofis universitetin
strateji hədəflərini dəstəkləyən layihələrin işlənib hazırlanması
və idarə olunması sahəsində fəaliyyət göstərəcəkdir.

MDU-dan AzerTimes-a
bildirilib ki, layihə menecmenti üzrə mütəxəssis Nicat Qarayev
tərəfindən keçirilən bir aylıq təlim proqramı sözügedən ofisdə
çalışacaq heyətin bilik və bacarıqlarının artırılmasını, onların
peşəkarlıq səviyyəsinin yüksəldilməsini və praktiki olaraq bir
layihə təklifinin hazırlanmasını nəzərdə tutur.

Təlimlərdə müvafiq beynəlxalq təşkilatların onlayn formatda
təşkil etdikləri “Nəticəyə əsaslanan idarəetmə” (Results-based
management) kurslarını başa vuran universitetin gənc akademik və
inzibati heyət üzvləri iştirak edirlər.

Ümumi tanışlıq və fokus qrupunun seçilməsi məqsədilə təlimçi ilə
keçirilən ilk görüş zamanı mövcud ehtiyaclar və səriştələr barədə
müzakirələr aparılıb, təlim proqramının məzmunu və formatı müəyyən
edilib.

Qeyd edək ki, “SOCAR Midstream” və MDU arasında əməkdaşlığın
əsası cari ilin aprelin 15-də universitetin innovativ inkişafını
dəstəkləyən Memorandumun imzalanması ilə qoyulub. Memorandum MDU-da
nəticəyə əsaslanan idarəetmə yanaşmasına malik layihə idarəetmə
ofisinin yaradılması və fəaliyyətinə dəstək göstərilməsini,
universitetin tədqiqat, təlim və innovasiya potensialının
gücləndirilməsini, kadr hazırlığının müasir tələblərə uyğun
keyfiyyətinin yüksəldilməsini, regionların dayanıqlı inkişafına
töhfə məqsədilə müxtəlif əməkdaşlıq təşəbbüslərinin yaradılmasını
və digər məsələləri əhatə edir.

Teqlər: