SOCAR “A-95 PREMİUM” markalı avtomobil benzininin bahalaşacağı xəbərinə aydınlıq gətirib

Son vaxtlar ölkədə “A-95 PREMİUM” markalı avtomobil benzininin
satışında məhdudiyyətlərin olması və yaxın zamanlarda qiymətinin
bahalaşması ilə bağlı məlumatlar yayılır.

Məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və
Kommunikasiya xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, yayılan
məlumatlar doğru deyil: “Heç bir məhdudiyyətdən, bahalaşmadan
söhbət belə gedə bilməz. Çox güman ki, məhdudiyyət hər hansı
yanacaqdoldurma məntəqəsində yaranmış texniki problemlə bağlı
olub”.

Məlumatda o da qeyd edilib ki, ölkəmizdə fəaliyyət göstərən
bütün “SOCAR” brendli yanacaqdoldurma məntəqələrində, eyni zamanda
Siyəzəndə fəaliyyət göstərən hər iki YDM-də A-92 və digər yanacaq
növlərinin satışı ilə bağlı heç bir çətinlik yoxdur. Hazırda qeyd
olunan yanacaq növünün satışı fasiləsiz olaraq həyata
keçirilir.

Qeyd edək ki, neft məhsullarının topdan satışının həyata
keçirilməsi, qəbulu və saxlanılması məqsədilə Bakı şəhərində və
respublikamızın digər bölgələrində “SOCAR PETROLEUM” QSC-yə məxsus
neft terminalı bazaları (NTB) fəaliyyət göstərir. Respublika üzrə
bunlar 11 ədəddir. Qeyd olunan NTB-lərdə digər yanacaq növləri ilə
yanaşı, dizel yanacağının da, topdan satışı həyata keçirilir.
Bununla da, respublikamızda fəaliyyət göstərən başqa
yanacaqdoldurma məntəqələri və yerli sahibkarlar neft məhsullarına
olan tələbatlarını ödəmək üçün “SOCAR PETROLEUM” QSC-yə məxsus,
qeyd olunan neft terminalı bazalarından lazımi qədər neft
məhsullarını eyni zamanda, dizel yanacağını əldə edərək öz
tələbatlarını ödəyə bilirlər.

Xatırladaq ki, “A-95 PREMİUM” və “A-98 SUPER” markalı yanacaq
növləri ölkədə istehsal olunmur. Hazırda SOCAR-ın balansında olan
Heydər Əliyev adına Bakı Neft Emalı zavodunda ancaq “Aİ-92” markalı
benzin istehsal olunur, yuxarıda isə qeyd olunan benzin markaları
ölkəyə idxal olunur.

“Aİ-92” markalı benzinin qiyməti Tarif (qiymət) şurası
tərəfindən tənzimlənir. Digər benzin markalarının qiymətləri isə
onların alış bazarındakı qiymətlərdən asılıdır.

“A-95 PREMİUM” və “A-98 SUPER” markalı yanacaq növlərinə olan
qiymətlər axırıncı dəfə ötən ilin sentyabrın 15-də artıma doğru
dəyişib. Hazırda “A-98” 1,9 manata, “A-95” isə 1,6 manata satılır.
Bundan öncə “A-95 PREMİUM”un 1 litrinin qiyməti 1,45 manat, “A-98
SUPER” markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.

Teqlər: