SİMA ilə sığorta məhsullarını əldə etmək imkanı yaradılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət
göstərən “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal
imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam
edir. “Bakı Sığorta” şirkəti SİMA-nın ilk sığorta tərəfdaşı
oldu.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, bundan sonra “Bakı Sığorta” müştəriləri yeni nəsil
rəqəmsal imzanın imkanlarından yararlanaraq bütün növ KASKO sığorta
məhsullarını və əmlak sığorta məhsullarında İpoteka sığorta
məhsulunu əldə edə biləcəklər. Belə ki, sadalanan sığorta
məhsulları üçün “Bakı Sığorta” şirkətinə müraciət edən və müsbət
cavab alan müştərilər sənədlərin imzalanmasını SİMA vasitəsilə
məsafədən və operativ həyata keçirə biləcəklər.

SİMA ilə gələcəkdə digər sığorta məhsullarından da yararlanmaq
mümkün olacaq.

Yeni nəsil rəqəmsal imza vasitəsilə, həmçinin başqa sahələr üzrə
elektron xidmətlərdən istifadə etmək mümkündür. Bunlara rəqəmsal
dövlət, bank, bank olmayan kredit təşkilatları (BOKT), mobil
operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir
sözlə, imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət
təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt
itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə,
SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də
avtomatlaşdırılma istifadəçilərə sürətli və istənilən sayda
imzalama imkanı da qazandırır.

Mobil tətbiqlə işləyən imzanı əldə etmək üçün SİMA tətbiqini
mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir.
Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes
proseslərini sürətləndirəcəyi gözlənilir.

SİMA ilə bağlı daha ətraflı məlumatı rəqəmsal imzanın rəsmi saytından və “157” Çağrı Mərkəzindən
əldə edə bilərsiniz.