BANM-də Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının bağlanış mərasimi keçirilib (FOTO)

Bakı Ali Neft Məktəbində (BANM) ümummilli lider Heydər Əliyevin
anadan olmasının 99-cu ildönümünə həsr olunmuş Tələbə və Gənc
Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarının bağlanış
mərasimi keçirilib.

Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru
Elmar Qasımov elmi konfransların iştirakçılarına, elmi rəhbərlərə
təşəkkür edərək qalibləri təbrik edib. Rektor elmi tədqiqatın
əhəmiyyətini vurğulayaraq gənclərə elmə, tədqiqata meyilli olmağı
tövsiyə edib və BANM tələbələri arasında bu istiqamətdə seçilən
gənclərin olmasını sevindirici hal kimi qiymətləndirib. O, BANM-də
keçirilən elmi konfransların əhəmiyyətindən də bəhs edib: “Biz bu
cür nüfuzlu elmi konfranslara evsahibliyi etməkdən qürur duyuruq.
Gənc alimlərin yetişdirilməsi və onlara dəstək olmaq bizim Ali
Məktəbin önəmli missiyalarından biridir. Bu, həm də Azərbaycan elmi
üçün böyük töhfədir”.

Tədbirdə çıxış edən AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun
direktoru, akademik Vaqif Abbasov iştirakçıları və onların elmi
rəhbərlərini təbrik edərək konfransların gənclərin elmə marağının
artması yönündə əhəmiyyətli addım olduğunu qeyd edib. O, gələcək
konfranslarda alim olmaq istəyən bir tələbəyə rəhbərlik etdiyi
İnstitutun təqaüdü və ya mükafatının təqdim ediləcəyini
bildirib.

Qeyd edək ki, Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi
Konfransları 18-29 aprel tarixlərində “Neft-qaz geologiyası və
mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması və informasiya
təhlükəsizliyi-2022”, “Kimya və kimya mühəndisliyində dayanıqlı
inkişaf” mövzularında keçirilib. Bu il konfranslara 238 tezis
seçilərək qəbul olunub. Tezislərin 101-i Bakı Ali Neft Məktəbinin
tələbələrinə aid olub.

Konfrans iştirakçılarını BANM-in professor-müəllim heyəti ilə
yanaşı, “Schneider Electric”, bp, “Kinetics Technology”
şirkətlərinin, “SOCAR AQŞ” MMC-nin, AMEA-nın Neft-Kimya Prosesləri
İnstitutunun, Molekulyar Biologiya və Biotexnologiyalar
İnstitutunun, İdarəetmə Sistemləri İnstitutunun, Aşqarlar Kimyası
İnstitutunun nümayəndələri qiymətləndiriblər.

Konfranslarda Bakı Ali Neft Məktəbinin tələbələri ilə yanaşı,
SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu, Bakı Dövlət
Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
Azərbaycan Dövlət İqtisad Universiteti, Sumqayıt Dövlət
Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət
Universiteti, Milli Aviasiya Akademiyası, Bakı Mühəndislik
Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət
Universiteti, Orta Doğu Texniki Universiteti, Azərbaycan Dövlət
Dəniz Akademiyası və AMEA-nın institutlarının gənc tədqiqatçıları
məruzələrlə çıxış ediblər. Bəzi tələbələr fərdi, bəziləri isə
komanda şəklində tezislərini təqdim ediblər. Münsiflər heyətinin
dəyərləndirmələrindən sonra iştirakçılar müxtəlif kateqoriyalar
üzrə I, II, III yerlərə layiq görülüb və həvəsləndirici
mükafatlarla təltif ediliblər. Onlara, həmçinin sponsor şirkətlərin
qiymətli hədiyyələri təqdim edilib. Konfrans iştirakçıları 18 bölmə
üzrə mükafatlandırılıblar. BANM-in tələbələri 14 bölmə üzrə I yerin
sahibi olublar.

Konfranslarda BANM-in tərəfdaşları “SOCAR Polymer” MMC, “SOCAR
AQŞ” MMC,bp, “Kinetics Technology”, “ABB Global Marketing”,
“Avandsis Group” MMM, “Emerson Process Management”, “Schlumberger”
şirkətləri olub.

Xatırladaq ki, 2013-cü il tarixində ilk dəfə olaraq Bakı Ali
Neft Məktəbinin “İnformasiya və Kommunikasiya Texnologiyaları”
bölməsi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan
olmasının 90-cı ildönümünə həsr olunmuş I Tələbə Elmi-Texniki
Konfransı keçirilib. 2018-2019-cu illərdə Respublika elmi-texniki
konfransları keçirilib, 2020-ci ildən isə Beynəlxalq Elmi
Konfransları keçirilir.

Teqlər: