Seneqal gömrük xidmətinin nümayəndə heyəti Azərbaycanda səfərdədir (FOTO)

Dövlət Gömrük Komitəsində Seneqal Respublikası Baş Gömrük
İdarəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüş
keçirilib.

Komitədən AzerTimes-a verilən
məlumata görə, səfərdə məqsəd Azərbaycan gömrük orqanlarının əldə
etdiyi qabaqcıl təcrübələri öyrənmək, eyni zamanda, potensialın
gücləndirilməsi sahəsində əməkdaşlığı gücləndirməkdir.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti
general-leytenantı İsmayıl Hüseynov iki ölkənin gömrük orqanları
arasındakı əlaqələrdən məmnunluqla bəhs edib. Bildirilib ki,
2016-cı ildə gömrük əməkdaşlarının potensialının gücləndirilməsi
sahəsində qarşılıqlı yardım haqqında sazişin imzalanmasında sonra
tərəflər arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm
imkanlar yaranıb.

İsmayıl Hüseynov Prezident İlham Əliyevin rəhbərliyi ilə son
illər Azərbaycan gömrük sistemində həyata keçirilən islahatlardan
danışıb və tətbiq edilən yeniliklər hesabına bir sıra
nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki,
ölkənin ixrac potensialının artırılması, beynəlxalq ticarətin
asanlaşdırılması, tranzitin inkişaf etdirilməsi, sərhədkeçmə
prosedurlarının sadələşdirilməsi istiqamətində gömrük orqanları
tərəfindən bir sıra layihələr həyata keçirilir.

Azərbaycan gömrüyündə informasiya texnologiyalarının tətbiqinin
genişləndirildiyini, bütün gömrük əməliyyatlarının elektron qaydada
həyata keçirildiyini diqqətə çatdıran İsmayıl Hüseynov onu da
bildirib ki, hədəf qısa zaman kəsiyində rəqəmsal gömrüyün
formalaşdırılmasıdır. Həmçinin son illər həyata keçirilən “Yaşıl
dəhliz”, “Bir pəncərə”, “e-növbə” və digər layihələrdən bəhs
edilib, qaçaqmalçılıqla mübarizə, xüsusilə, nakotik vasitələrin
qanunsuz dövriyyədən çıxarılması istiqamətində əldə edilən
uğurlardan danışılıb.

İsmayıl Hüseynov beynəlxalq əməkdaşlığın gücləndirilməsinə
xüsusi önəm verildiyini vuğulayıb, bu məqsədlə həyata keçirilən
məqsədyönlü fəaliyyətin nəticəsi olaraq Azərbaycan gömrük
xidmətinin 2 il müddətinə ÜGT-nin Avropa Regionuna rəhbərlik
etdiyini, 2021-ci ildə isə təşkilatın Siyasi Komissiyasına üzv
seçildiyini bildirib.

O da vurğulanıb ki, qabaqcıl təcrübələrin paylaşılması gömrük
sisteminin inkişafı baxımından mühüm amildir və Azərbaycan gömrüyü
bu istiqamətdə bütün çağırışları dəstəkləyir.

Seneqal Respublikası Baş Gömrük İdarəsinin gömrük əməliyyatları
üzrə direktoru Mbaye Ndiaye iki ölkənin gömrük orqanları arasındakı
əməkdaşlıqdan məmnunluqla bəhs edib və qarşılıqlı münasibətlərin
daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.

Təmsil etdiyi qurumun fəaliyyəti, ölkəmizə səfərin önəmi barədə
danışan Mbaye Ndiaye Azərbaycan gömrüyünün əldə etdiyi qabaqcıl
təcrübələrin öyrənilməsi və tətbiqində maraqlı olduqlarını diqqətə
çatdırıb.

Sonda Azərbaycan gömrüyünü fəaliyyəti, tətbiq edilən yeniliklər
barədə təqdimat nümayiş etdirilib, qonaqları maraqlandıran suallar
ətraflı cavablandırılıb.

Səfər çərçivəsində Seneqal gömrüyünün əməkdaşları ərazi və
ixtisaslaşmış gömrük orqanlarında tətbiq edilən yeniliklər və
layihələrlə əyani şəkildə tanış olacaqlar.

Teqlər: