Şəkərli xəstələrdə oruc tutmaq müxtəlif ağırlaşma riskini artıra bilər – Həkim

Şəkərli xəstələrdə oruc tutmaq müxtəlif ağırlaşmaların
inkişaf riskini artıra bilər. Bunu Səhiyyə Nazirliyinin
mütəxəssis-eksperti Günay İsmayılova deyib.


Trend
Günay İsmayılova ilə müsahibəni təqdim edir.

– Günay xanım, bildiyiniz kimi, müqəddəs Ramazan ayında
müsəlmanlar oruc tuturlar. Şəkərli diabetdən əziyyət çəkən şəxslər
oruc tuta bilərmi?

– Şəkərli xəstələrdə oruc tutmaq müxtəlif ağırlaşmaların inkişaf
riskini artıra bilər. Belə ki, qida rejimində kəskin dəyişiklik,
hipoqlikemik dərmanlar qəbulundan imtina, maye qəbulunu
məhdudlaşdırılması diabetik ketoasidoz, ketoasidotik və
hiperosmolyar koma kimi ağır ağırlaşmalara, kəskin trombozun
inkişafına, ağır hipoqlikemiyaya səbəb ola bilərlər. Baş verə
biləcək ağırlaşmaların əsasında qlükoza, sərbəst yağ turşuları,
maye və elektrolit balansının mübadiləsində pozğunluqlar yaranır.
Bu səbəbdən oruc tutmazdan öncə diabet xəstələri həkimlərin
tövsiyələrini nəzərə almalıdır.

– İnsulin çatışmazlığı olan xəstələrin orqanizmində oruc
tutarkən hansı dəyişikliklər baş verir?

– Diabet olmayan insanlarda qida qəbulu insulinin ifrazını
stimullaşdıraraq, qlükozanın qaraciyərdə və əzələlərdə glikogen
ehtiyatını təmin edir. Oruc tutarkən yeməkdən uzunmüddətli imtina
qanda qlükozanın səviyyəsinin azalması və insulin ifrazının
azalması ilə müşayiət olunur. Onlarda insulin və kontrainsulyar
hormonlar vasitəsi ilə qanda qlükozanın səviyyəsi tənzimlənir.
İnsulin çatışmazlığı olan xəstələrdə isə uzunmüddətli aclıq
hiperglikemiya və ketoasidoza səbəb olan glikogenin həddindən artıq
parçalanmasına, qlükoneogenez və ketogenezin artmasına gətirir.
Qida qəbulunun azaldılması hipoqlikemiyanın inkişafı üçündə risk
faktorudur.

– Bəzi insanlar, hətta diabet olmayanlar belə oruc tutarkən daha
çox aclıqdan deyil, susuzluqdan əziyyət çəkirlər….

– Susuzlaşma riski isti və rütubətli iqlimi olan ölkələrdə,
eləcə də ağır fiziki fəaliyyətlə məşğul olan insanlarda çox
yüksəkdir. Orucluq zamanı uzun müddət mayenin qəbul olunmaması
susuzluğa səbəb ola bilər. Bu səbəbdən insan orqanizmində baş verən
dəyişikliklər qanın qatılaşmasını və tromboz riskini daha da artıra
bilər. Bir sıra tədqiqatların nəticələri oruc tutan xəstələrdə
tutmayanlarla müqayisədə damar trombozlarının daha çox olduğunu
göstərdi.

– Oruc tutan tip 1 və tip 2 şəkərli diabetli xəstələrinin risk
qrupları hansılardır?

– Oruc tutan diabet xəstələri ağırlaşmalara görə 4 risk
qruplarına bölünür:
Çox yüksək risk qrupu – qlükoza səviyyəsini kontrol etməyənlər, tip
1 şəkərli diabet, xroniki böyrək çatışmazlığından, hər hansı yanaşı
kəskin xəstəliklərdən əziyyət çəkənlər, hamilələr, hemodializdə
olan xəstələr və s;
Yüksək risk qrupu – hər hansı yanaşı xronik xəstəliklərdən əziyyət
çəkənlər, makrovaskulyar ağırlaşmaları olan xəstələr və s;
Orta risk qrupu – qanda qlükoza səviyyəsini ciddi kontrolda saxlaya
bilənlər, hipoqlikemiyaya səbəb olma ehtimalı az olan dərman
preparatlarını qəbul edənlər;
Aşağı risk qrupu – yalnız pəhriz və ya metformin, glitazonlar,
qliptinlər ilə müalicə olunan kafi glikemik nəzarəti olan xəstələr,
hər hansı bir yanaşı xəstəlikləri olmayanlar və s.
Qeyd edim ki, çox yüksək risk qrupunda olan diabetli xəstələrə oruc
tutmaq tövsiyə olunmur. Yüksək risk qrupunda olan xəstələrin də
oruc tutmaları səhhətlərinə təhlükə yarada bilər.

Teqlər: