Səhiyyə Nazirliyinin nümayəndə heyəti Hacettepe Universitetinin fəaliyyəti ilə tanış olub

Səhiyyə Nazirliyinin nümayəndə heyətinin Türkiyəyə iki günlük
işgüzar səfəri çərçivəsində qardaş ölkənin ən nüfuzlu tibb
ocaqlarından olan Hacettepe Universitetinin fəaliyyəti ilə tanışlıq
olub.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, tədbirdə çıxış edən Hacettepe Universitetinin
rektoru Haluk Özen səhiyyə sahəsində ölkələrimiz arasında sıx
əlaqələrin mövcudluğunu vurğulayıb. Rektor xatırladıb ki, 2018-ci
ildə rəhbərlik etdiyi tibb ocağı ilə Azərbaycan Tibb Universiteti
(ATU) arasında protokol imzalanıb: “Eyni zamanda, Hacettepe
Universitetinin mütəxəssisləri ATU-da təşkil olunan təlim,
beynəlxalq elmi konfranslar və vebinarlarda mütəmadi olaraq iştirak
edirlər”.

Çıxışı zamanı səhiyyə naziri Teymur Musayev qeyd edib ki,
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Türkiyə ilə
bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də geniş əməkdaşlıq
mövcuddur: “Eyni zamanda, tibb təhsili sahəsində də qarşılıqlı
fəaliyyət, o cümlədən ali tibb mütəxəssislərinin davamlı peşə
təhsili sahəsində müasir metodiki və elmi-praktik məlumatların
mübadiləsi üçün yeni imkanlar yaradılıb. Ölkəmizin qocaman ali
məktəblərindən biri olan Azərbaycan Tibb Universiteti Türkiyənin ən
nüfuzlu universitetləri, həmçinin Hacettepe Universiteti ilə
səmərəli əməkdaşlıq edir”.

Tədbirdə ölkələrimiz arasında tibb sahəsində qarşılıqlı
əlaqələrin gücləndirilməsi istiqamətində səmərəli işlər
görülməsinin vacibliyi vurğulanıb.

Teqlər: