Daha çox Niderland şirkəti Azərbaycanda biznes qurmaqda maraqlıdır – Səfirlik

Daha çox Niderland şirkəti Azərbaycanda biznes qurmaqda
maraqlıdır.

AzerTimes-ın məlumatına görə, bu
barədə Niderlandın Azərbaycandakı səfirliyindən bildirilib.

Qyd olunub ki, Niderland ərzaq məhsullarının ixracına görə
dünyada ikinci yeri tutur və dünyanın ən inkişaf etmiş kənd
təsərrüfatı sektoruna malikdir. Bu amil Azərbaycan iqtisadiyyatının
şaxələndirilməsində kənd təsərrüfatının prioritet sahələrdən biri
olması baxımından maraq kəsb edir:

“Hər il olduğu kimi, bu il də Səfirlik Niderlandın bir çox kənd
təsərrüfatı şirkətlərinin təmsil olunduğu Niderland Pavilyonu
vasitəsilə “Caspian Agro” sərgisində iştirak edir. COVID-19
pandemiyasından əvvəl bu mühüm sərgidə Hollandiyanın rekord sayda,
yəni iyirmiyə yaxın aqrobiznes şirkəti təmsil olunurdu.
Pandemiyanın yaratdığı qlobal iqtisadi zəifləmə ilə əlaqədar olaraq
son 2 ildə Hollandiya şirkətlərinin Azərbaycanda həyata
keçirdikləri bir sıra fəaliyyətlərdə azalma qeydə alınmışdır.
Hazırda isə xoşbəxtlikdən şirkətlər get-gedə öz fəaliyyətlərini
artırır və yeni-yeni şirkətlər Azərbaycanda biznes qurmaqda maraqlı
olduqlarını bildirirlər.

Niderland su üzərində qurulmuşdur; buna görə də bizim su
sektorunda çoxəsrlik təcrübəmiz var. Azərbaycan hökuməti tərəfindən
ölkədə su ilə bağlı problemlərin olduğu bəyan edildiyindən,
Niderland şirkətləri Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi ilə birlikdə mövcud problemlərin həlli yolları
axtarırlar. “Deltares”, “Witteveen & Bos” və “Royal Haskoning”
şirkətləri artıq Azərbaycanda uzunmüddətli iş təcrübəsinə
malikdirlər”.

Səfirlik bildirir ki, pandemiyaya baxmayaraq, müəyyən layihələr
həyata keçirilib:

“Keçən il “Port of Baku” və regionda aparıcı logistika
şirkətlərindən biri olan “Dutch Cabooter Group” arasında Anlaşma
Memorandumu imzalanmış və (Hollandiyanın Fontys Universiteti və
Guilde İnstitutu ilə sıx əməkdaşlıq şəraitində) “Port Baku”
şirkətinin əməkdaşları üçün təlim proqramına start verilib.
Azərbaycan hökumətinin müraciəti əsasında daha bir Niderland
şirkəti, “Signify” Bakıda və bəzi rayonlarda dayanıqlı işıqlandırma
ilə əlaqədar mühüm layihələr həyata keçirib”.