Saxta “xaker” “Whatsapp” yazışmalarını ələ keçirmək istəyən 394 nəfəri necə aldadıb?

Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində
“Aztechnolog” adlı “İnstagram” səhifəsini idarə edən şəxslər
tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında
üçüncü şəxslərin “WhatsApp” tətbiqindəki yazışmalarının
kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün
təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi
Xidməti tərəfindən nəzarətə götürülərək araşdırılıb.

Bu barədə AzerTimes-a Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) mətbuat
xidmətindən məlumat verilib.

Məlum olmuşdur ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini
Əsgərov Arif Həmid oğlu “İnstagram” sosial şəbəkəsində
“Aztechnolog” (www.instagram.com/xakkerhuseyn) adı ilə qeydiyyatdan
keçərək sözügedən səhifədə müəyyən pul müqabilində “WhatsApp”
yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron
ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat
yerləşdirmiş, bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif
Əsgərovun sərəncamında olan bank kartı hesabına köçürərək, ödəniş
barədə qəbzlərin surətini qeyd olunan “İnstagram” səhifəsinə
göndərmiş, lakin sonra həmin şəxslərin müvafiq səhifəni idarə edən
şəxslə əlaqə yaratma cəhdləri baş tutmamış və onlara ödədikləri
vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.

Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət
ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək
səlahiyyətinə malik olmayan şəxs kimi gizli qaydada informasiya
alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən qanunsuz
istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik edib
aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirib.

Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət
işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda araşdırmalar davam etdirilir.

Teqlər: